13 may 2025-ci il tarixində Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının son dövrdəki fəaliyyəti ilə bağlı növbəti hesabat konfransları Quba və Şabran rayonlarında keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Şuranın baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, məsul işçi Elşad Quliyev, ağsaqqallar, ziyalılar və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Quba və Şabran rayonlarının rəhbərləri çıxışlarında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların cəmiyyətin mənəvi dayağı olaraq ictimai-siyasi sabitliyin qorunmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Rayon əhalisinin ağsaqqal sözünə daim önəm verdiyini vurğulayaraq, onların fəaliyyətini yüksək qiymətləndiriblər.
Quba və Şabran rayon Ağsaqqallar Şuralarının rəhbərləri hesabat məruzələrində yerli təşkilatların fəaliyyəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, maarifləndirmə tədbirləri, şəhid ailələri və qazilərlə keçirilən görüşlər barədə məlumat veriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov öz çıxışlarında Şura sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, regionlarda aparılan hesabat konfranslarının Şuranın səmərəli fəaliyyətindən xəbər verdiyini bildirib. Natiq çıxışında bir sıra mühüm ictimai məsələlərə də toxunub. O, son dövrlərdə cəmiyyətdə müşahidə olunan boşanma hallarının artmasını və narkomaniya təhlükəsini ciddi narahatlıq doğuran məsələ kimi dəyərləndirib. Bu problemlərlə mübarizədə ağsaqqalların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, gənclərin mənəvi cəhətdən maarifləndirilməsi və ailə institutunun möhkəmləndirilməsi istiqamətində fəal olmaq çağırışı ilə çıxış edib. Tahir Süleymanov, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışında iştirakını ölkəmizin mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, bu tədbir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin miqyasını və ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərə verdiyi yüksək önəmi bir daha nümayiş etdirir. Eyni zamanda, Tahir müəllim çıxışında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara göstərdikləri xüsusi diqqət və qayğını yüksək qiymətləndirib. Qeyd edib ki, bu xeyirxah missiya cəmiyyətimizdə humanizm və sosial həmrəyliyin nümunəsidir.
Konfranslar çərçivəsində digər çıxış edənlər də Azərbaycan dövlətinin əldə etdiyi tarixi nailiyyətlərə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə dəstək ifadə ediblər. Sonda iştirakçıların təklif və istəkləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.





















