Xəbərlər

Cəlilabad və Biləsuvar rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

May ayının 13-də Azərbaycan Ağsaqqallar Şurasının Cəlilabad və Biləsuvar rayon təşkilatlarında hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şuranın mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, ziyalıları, şəhid valideynləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cəlilabad və Biləsuvar rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra
tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin başçıları bildiriblər ki, aktiv fəaliyyətləri ilə seçilən ağsaqqallar daim əhəmiyyətli tədbirlər, görüşlər keçirir, rayonlarımızın inkişafında, ictimai-mədəni həyatında, gənc nəslin formalaşmasında hər zaman xüsusi rol oynayırlar. Yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışan natiqlər, həmçinin, qeyd ediblər ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyə və məsləhətlərinə hər zaman ehtiyac vardır.
Sonra Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərovun və Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımovun təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri dinlənilib. Məruzələrdə yerli təşkilatların hesabat dövrü ərzində həyata keçirdikləri mühüm tədbirlərdən, görülən işlərdən bəhs olunub. Vurğulanıb ki, rayonlarda zəngin həyat təcrübəsi olan böyük ağsaqqallar qüvvəsi vardır. Məhz bu qüvvə ilə böyüməkdə olan nəslə düzgün tövsiyələr verilir, gənclərlə dialoqlar və maarifləndirici tədbirlər təşkil edilir.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, ölkəmizin nüfuzlu ziyalılar, zəhməkeş insanlar yetişdirən hər iki aparıcı rayonunda olmaqdan fərəh hissi duyduğunu bildirib. Yerli təşkilatların hesabatlarını qənaətbəx hesab edərək, gənclərlə aparılan işlərin daha da artırılmasının, bu sahədə, əsasən də rayonlarımızda hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Natiq, həmçinin, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev apardığı uğurlu siyasətdən, eləcə Çin səfərindən söz açıb. Ölkəmizin başçısına göstərilən yüksək diqqəti xüsusi vurğulayıb. Bildirib ki, biz xoşbəxt xalqıq ki, bizim Ulu Öndər Heydər Əliyev kimi dahi rəhbərimiz və cənab İlham Əliyev kimi müzəffər, dünya şöhrətli Prezidentimiz var. Abel Məhərrəmov Qərbi Azərbaycana qayıdışla bağlı aparılan mühüm işlərə də toxunub və qeyd edib ki, bu ideyanın ağırliq mərkəzi Ümummilli Liderimizə məxsusdur. Biz Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan dövlət başçımızın uzaqgörən və müdrik rəhbərliyi ilə öz tarixi torpaqlarımıza, Qərbi Azərbaycana da qayıdağıq. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov hər iki rayonun ağsaqqallarına möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirlərdə çıxış edən digər natiqlər də ölkənin, eləcə də şəhər və rayonların ictimai-siyasi həyatında ağsaqqalların aparıcı rolundan və nüfuzundan danışıblar. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayaraq, yerli təşkilatların fəaliyyətlərinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar. Natiqlər, həmçinin, qarşıda duran məqsədlərə dair maraqlı təkliflər irəli sürüblər, eləcə də yas mərasimlərində ehsan verilməsində müəyyən qaydalar yaratmaq, israfçılığın qarşısını almaq və digər vacib məsələlərlə bağlı səmərəli müzakirələr aparıblar. Cəlilabadda keçirilən konfransda qərara alınıb ki, növbəti tədbirlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında tələbə və müəllim heyəti ilə keçirilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.