Xəbərlər

Xaçmaz Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib

May ayının 14-də Xaçmaz Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov, eləcə də rayon ağsaqqalları və ziyalıları, idarə, müəssisə rəhbərləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək  önünə gül dəstələri düzüblər.
Xaçmaz Rayon İcra Hakimiyyətində keçirilən hesabat konfransında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Konfransın işinə uğurlar arzulayıb.
Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov illik hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Şuranın üzvləri rayonda keçirilən əhəmiyyətli tədbir və görüşlərdə, həmçinin  gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat və  maarifləndirmə işlərində yaxından iştirak edirlər. Qarşıdan gələn dövr ərzində də rayon ağsaqqalları aktiv fəaliyyətlərini davam etdirməyə çalışacaqlar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev öz çıxışında Şura sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin ölkəmizdəki ictimai-siyasi proseslərdə hər zaman yaxından iştirak edərək xalqımızın milli mənafeyinə xidmət göstərən ağsaqqalların fəaliyyətindən ətraflı bəhs edən natiq öz təklif və tövsiyələrini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, gənclərlə maarifləndirmə işlərini daha da artırmaq, onları mənfi təsirlərdən və zərərli vərdişlərdən qorumaq lazımdır. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib və hər bir ağsaqqala gələcək fəaliyyətində uğurlar arzulayıb.
Hesabat konfransında çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri – şair, Fərzalı Qasımov, təqaüddə olan dövlət qulluqçusu Abdulla Didarov, şəhid atası Fərhad Qafarov və digər natiqlər təşkilatın fəaliyyətini müsbət dəyərləndirərək, ölkəmizdə ağsaqqallara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.