Xəbərlər

Kürdəmir və Zərdab rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının növbəti hesabat konfransları Kürdəmir və Zərdab rayonlarında təşkil olunub.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, habelə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Kürdəmir və Zərdab rayonlarında keçirilən konfranslarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfranslarda hər iki rayonun rəhbərliyi Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və tədbir iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək qayğıdan, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açıb. Vurğulayıblar ki, bu diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Yerli təşkilatların Kürdəmir və Zərdab rayonlarındakı səmərəli fəaliyyətlərindən ətraflı bəhs edən natiqlər əmin olduqlarını bildiriblər ki, ağsaqqallar bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edəcəklər.
Sonra Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov və Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov hesabat məruzələri ilə çıxış ediblər. Bildiriblər ki, dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulan ağsaqqallarımız hesabat dövrü ərzində aktual mövzularda keçirilmiş bir çox tədbirlərdə yaxından iştirak və çıxışlar ediblər, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər keçiriblər, onlara mənəvi dəstək olublar, gənclərimizlə maarifləndirici söhbətlər aparıblar. Natiqlər vurğulayıblar ki, bundan sonra da öz fəaliyyətlərini səmərəli və geniş şəkildə davam etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dinamik inkişafında, dünya səviyyəsində layiqli yerini tutmasında misilsiz xidmətlərindən bəhs edən natiq hazırda bu tərəqqi strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, onu rəhbərliyi ilə qazandığımız yüksək nailiyyətlərdən söz açıb. Vahid Novruzov, həmçinin, dövlət başçısı tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərəə və keçiriləcək tədbirlərə də toxunub. Təşkilat üzvlərinin bu tədbirlərdə yaxından iştirakının təmin olunmasının zəruriliyi barədə Azərbaycan Ağsaqqallar Şurasının 2025-ci il üçün İş planının müvafiq bəndlərinin icrasına metodik yardım göstərilməsi məqsədilə “Konstitusiya və suverenlik: milli məfkurənin qoruyucusu kimi” mövzusunda hazırlanmış metodik materialdan bəhs edib. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov hər iki rayon təşkilatının hesabatını qənaətbəxş hesab edib, lakin əmin olduğunu da bildirib ki, yerli təşkilatlar öz fəaliyyətlərini bundan sonra daha səmərəli və effektiv şəkildə quracaqlar.
Konfranslarda çıxış edənlər digər natiqlər də ağsaqqalların cəmiyyətdəki yeri, gənc nəslin milli ruhda tərbiyəsində rolu barədə danışıblar. Rayon Ağsaqqallar Şuralarının qarşısında duran vəzifələrdən söz açıblar. Bildiriblər ki, ağsaqqallar gələcəkdə də rayonların ictimai-siyasi və mədəni həyatında fəallıq nümayiş etdirəcəklər.
Kürdəmir Rayon Ağsaqqallar Şurasının hesabat konfransında təşkilatın sədri Ayyət Nəsirov 75 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.