Xəbərlər

Nəsimi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

15 may 2025-ci il tarixində Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şuranın İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor  Vaqif Şadlinski, millət vəkili Asif Əsgərov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, təşkilatın məsul şəxsi Elşad Quliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları, idarə,  təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Nəsimi Rayon İcra Hakimiyyətinin binasının foyesində  Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda tədbir iştirakçılarını salamlayan professor Vaqif Şadlinski        Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci illərə dair fəaliyyəti ilə bağlı geniş hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışaraq qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilir və bunun nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti, eləcə də beynəlxalq nüfuzu günbəgün artır. Daha sonra məruzəçi Şuranın son 2 ildəki fəaliyyəti haqqqında geniş məlumat verib. Qeyd edək ki, hesabat məruzəsi zamanı son dövr ərzində görülən işlər barədə hazırlanmış video-çarx konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev respublikamızın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlardan, uğurlu daxili və xarici siyasətdən danışıb,  professor Vaqif Şadlinskinin sədrliyi altında Nəsimi Rayon Ağsaqqallar Şurasının səmərəli  fəaliyyətini yüksək dəyərləndirib. Eldar müəllim, həmçinin, son günlərdə İmişlidə cərəyan edən xoşagəlməz hadisələrə bir  daha aydınlıq gətirib. Vurğulayıb ki, İmişli Rayon Ağsaqqallar Şurasının artıq keçmiş sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğu, təşkilatın nüfuzuna xələl gətirən və fəaliyyət istiqamətlərinə uyğun olmayan hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad edilib və eyni zamanda Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. Ağsaqqallar Şurasının fəaliyyətinə kölgə salan, ağsaqqal adına ləkə gətirən bu hərəkəti qəbuledilməz hesab edən Eldar Quliyev bildirib ki, bu cür atributlardan istifadə təşkilatın Nizamnaməsinə, mövqeyinə, fəaliyyətinə, eləcə də  milli-mənəvi dəyərlərimizə tamamilə ziddir. Gələcəkdə bu cür halların baş verməməsi üçün Şuranın bütün yerli təşkilatlarına ciddi tapşırıqlar verilib. Natiq, həmçinin, cəmiyyətimizdə mövcud olan problemlərə – boşanmaların sayının artmasına, erkən nikahların hələ də mövcud olmasına, gənclərin zərərli vərdişlərə aludəçiliyinə də diqqət yönəldərək bu problemlərin qarşısının alınmasında ağsaqqalları daha aktiv olmağa çağırib.

Konfransda çıxış edən millət vəkili Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs etmiş, son illərdə Nəsimi rayonunda gedən abadlıq quruculuq işlərindən danışmış və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yüksək nüfuzunu qeyd etmişdir.
Daha sonra tədbirdə Rayon Ağsaqqallar Şurasının üzvü, Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanda yaşayan azsaylı xalqların monolit birliyindən danışmış, Nəsimi rayon ağsaqqallarının gündən-günə  artan səmərəli fəaliyyətindən bəhs etmişdir.

Konfransda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Qalib Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri – Zöhrab Fərəcov, Vilayət Quliyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun artmasından və bu işdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskinin böyük rolundan söz açıblar və rayon təşkilatının 2023-2025-ci illərdəki fəaliyyətini müsbət qiymətləndiriblər.

Bir qrup rayon ağsaqqalının mükafatlarla təltif edilməsi ilə davam edən konfransda əvvəlcə “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov professor Vaqif Şadlinskiyə “Qızıl ürək” medalını təqdim edib. Sonra isə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvü, ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyevə Şuranın “Fəxri Fərman”ını təqdim edib. Konfransda, həmçinin, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri – Vaqif Orucov, Həsənxan Mədətov, Həqiqət Qədirova, Leyla Mextiyeva, Fərhad Nağıyev “Təşəkkürnamə”lərlə təltif olunublar.
Təltif olunanlar adından Azərbaycan Dillər Universitetinin rektor müşaviri Ələddin Əliyev çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasına və üzvü olduğu Rayon Ağsaqqallar Şurasına öz minnətdarlığını ifadə edib.

Sonda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edərək bir daha ölkə rəhbərliyinə, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının  və Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.