Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Astara və Lənkəran rayon təşkilatlarının hesabat konfransları keçirilib

Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı növbəti hesabat konfransları may ayının 20-də Astara və Lənkəran rayonlarında təşkil olunub.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə,  Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın məsul şəxsi Elşad Quliyev, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri,  gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfranslarda Ümummilli Lider Heydər Əliyevin,  torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və konfrans iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların ölkəmizin, eləcə rayonların ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan, böyük xidmətlərindən söz açıblar. Qeyd ediblər ki, hər iki rayonun ağsaqqalları gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində yaxından iştirak edirlər. Natiqlər əmin olduqlarını bildiriblər ki, ağsaqqallar bundan sonra da  şəhər və  rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatında müxtəlif məsələlərin həllinə öz dəyərli töhfələrini verəcəklər.

Sonra Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun və  Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovun  görülən işlər və qarşıda duran vəzifələr barəsində hesabat məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, yerli təşkilatlar tərəfindən mütəmadi olaraq gənclərin maarifləndirilməsinə, tarixi və əlamətdar günlərə və digər bir çox aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə görüşlər keçirilir, bir sıra problemlərin həllində rayon ağsaqqalları yüksək fəallıqları ilə seçilirlər. Rayon sədrləri qeyd ediblər ki, üzərlərinə düşən vəzifələri gələcəkdə də  layiqincə yerinə yetirəcəklər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov öz çıxışlarında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və vurğulayıb ki, Astra və Lənkəran kimi Vətənimizin gözəl rayonlarında ağsaqqallarla, ziyalılarla görüşməkdən böyük fəxarət hissi duyur. Ağsaqqal sözünün, ağsaqqal nəsihətinin xüsusi məna kəsb etdiyini qeyd edən natiq bildirib ki, ağsaqqallar cəmiyyətimizdə hər zaman böyük nüfuz və hörmət sahibi olublar. Abel Məhərrəmov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin də ağsaqqallara daim böyük ehtiram göstərdiyini, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığını tədbir iştirakçılarına xatırladıb. Əlavə edib ki, bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Öz nitqində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən Azərbaycanın uğurlu daxili və xarici siyasətindən bəhs edən Abel müəllim bildirib ki,  vaxtilə Ümummilli Lider dövrünün yetirmələri olan biz hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövrünün ağsaqqallarıyıq. Bu səbəbdən də dinamik tərəqqi yolu keçən Azərbaycanı və onun alternativsiz Liderini öz fəaliyyətimizlə dəstəkləməliyik. Natiq, həmçinin, hər iki rayonun hesabatını, gördükləri işləri, xüsusilə də digər qurumlarla – icra hakimiyyətləri, YAP-ın yerli təşkilatları ilə sıx əməkdaşlığını, birgə fəaliyyətlərini yüksək qiymətləndirib. Cəmiyyətimizdə mövcud olan mənfi hallara – boşanmaların sayının artmasına, narkomaniya bəlasının və digər zərərli vərdişlərin çoxalmasına  da münasibət bildirib. Vurğulayıb ki, ağsaqqallar bu sahələrə daha çox diqqət ayırmalı, gənclərlə maarifləndirmə işlərini artırmalı, onlara mənəvi və fiziki sağlamlığı təbliğ etməli, vətənpərvərlik ruhunu aşılamalı,  həmçinin mütərəqqi adət və ənənələrimizi qoruyaraq gələcək nəslə ötürməlidirlər. O, əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli şəkildə davam etdirəcəklər.

Konfranslarda çıxış edən digər natiqlər də Astara və Lənkəran rayonlarının Ağsaqqallar Şuraları üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən ətraflı bəhs ediblər. Maraqlı müzakirələr apararaq bir sıra səmərəli təkliflər irəli sürüblər.

Konfransların sonunda xatirə şəkilləri çəkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.