Xəbərlər

Samux və Daşkəsən rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının növbəti hesabat konfransları may ayının 23-də və 24-də Samux və Daşkəsən rayonlarında keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfranslarda çıxış edən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların cəmiyyətdəki əhəmiyyətli rolundan bəhs ediblər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların şəhər və rayonlarımızın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etdiklərini, ölkəmizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildiriblər. Qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ağsaqqallara daim yüksək diqqət və qayğı ilə yanaşır.
Sonra Samux  Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin təşkilatların hesabat dövrü ərzində fəaliyyətləri barədə məruzələri dinlənilib. Natiqlər bildiriblər  ki, fəaliyyətlərini Əsasnamə və İş planları əsasında quran yerli təşkilatlar rayonlarda keçirilən bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, onlara mənəvi və maddi dəstək olublar, habelə gənclərlə aktual mövzularda maarifləndirici işlər apararaq, onların dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda yetişmələri üçün əllərindən gələni əsirgəməyiblər. Sədrlər rayon ağsaqqalları ilə birlikdə üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıblar. Hesabat məruzəsi zamanı Samux  Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov rayonun 44 günlük Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarına həsr etdiyi “Dəmir Yumruğun əks-sədası” adlı kitabı Bayram Yusifova təqdim edib.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından  tədbir iştirakçılarını salamlayıb. Hesabat dövrü ərzində görülən işləri, xüsusilə də şəhidlərimizə həsr olunmuş kitabın nəşrini yüksək qiymətləndirib. Bununla yanaşı bildirib ki, tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimiz hər zaman səmərəli fəaliyyət gözləyir. Xüsusilə gənclərlə daha çox iş aparmaq, eyni zamanda onların enerjisi ilə ağsaqqalların müdrikliyini birləşdirərək böyük uğurlar qazanmağın mümkün olduğunu vurğulayıb.  Qeyd edib ki, ahıl insanlar yaşları ilə, ağsaqqallar isə öz müdriklikləri ilə seçilirlər. Özündə insanlığa xas olan bütün müsbət keyfiyyətləri daşıyan əsl ağsaqqallar daim cəmiyyətin istiqamətverici qüvvəsi olmalı, təcrübələrindən, bilik və bacarıqlarından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə etməlidirlər. Sonra Bayram Yusifov qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə hər kəsi təbrik edərək, bu əlamətdar tarixlə bağlı öz fikirlərini  bölüşüb. Eləcə də Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikrini xatırladaraq bildirib ki, Azərbaycanı müstəqilliyə aparan milli məfkurənin və milli-mənəvi dəyərlərimizin qorunaraq gənc nəslə ötürülməsi bu gün ağsaqqalların üzərinə düşən ən vacib vəzifələrdən biridir. Natiq öz nitqində Azərbaycanın bütün sahələrdəki dinamik inkişafından, ölkə başçısı cənab İlham Əliyevin  uğurlu daxili və xarici siyasətindən, eləcə də Çinə və digər ölkələrə olan yüksək səviyyəli səmərəli səfərlərindən də ətraflı söz açıb. Bu inkişaf prosesinə ağsaqqalların da gələcəkdə daha böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın 2024-cü il üzrə fəaliyyətinə dair Hesabat  kitabçasını tədbir iştirakçılarının diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar və möhkəm cansağlığı diləyib.
Konfranslarda çıxış edən ağsaqqallar, şəhid valideynləri, qazilər və digər natiqlər də Azərbaycan Ağsaqqallar Şurasının  yerli təşkilatları tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, həqiqətən də, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır. Əmin olduqlarını bildiriblər ki, yerli təşkilatlar gələcəkdə öz fəaliyyətlərini daha geniş və effektiv həyata keçirəcəklər.
Daşkəsən rayonunda keçirilən hesabat konfransında bəzi təşkilati məsələlərə də baxılıb. Xəstəliyi səbəbindən fəaliyyətini davam etdirə bilməyən İdarə Heyəti üzvünün yerinə səsvermə yolu ilə yeni üzv seçilib. Tədbirdə, həmçinin, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ağsaqqallar İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar.
Sonda xatirə şəkilləri çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.