Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 28 May – Müstəqillik Günü münasibətilə təbriki

Əziz həmvətənlər!

Sizi Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və müstəqil, qüdrətli Vətənimiz naminə dəyərli fəaliyyətinizdə uğurlar arzulayır, ölkəmizə əmin-amanlıq, davamlı inkişaf və yeni-yeni nailiyyətlər diləyirik!

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın milli dövlətçilik iradəsinin, azadlıq və müstəqillik arzusunun parlaq təcəssümü olmuşdur. Həmin gün Azərbaycanın adını dünya siyasi xəritəsinə müstəqil bir dövlət kimi yazdıran görkəmli şəxsiyyətlərimizin müdrikliyi və fədakarlığı nəticəsində milli dövlətçiliyimizin təməli qoyulmuşdur. Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olaraq tariximizə qızıl hərflərlə yazılmış və müstəqillik ənənələrimizin bərpasında əsas ideoloji rol oynamışdır.

Bu müstəqilliyin ömrü qısa olsa da 1991-ci ildə Azərbaycan sovet imperiyasının dağılması nəticəsində yenidən müstəqil dövlət qurmaq imkanı əldə etdi. Müstəqilliyin ilk illərində ölkəmiz dərin siyasi və iqtisadi böhranla üz-üzə qaldı, xaos, anarxiya və vətəndaş qarşıdurması təhlükəsi ilə qarşılaşdı. Belə bir ağır zamanda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq Azərbaycan dövlətçiliyini xilas etdi və ölkəmizin müstəqilliyini qoruyaraq xalqımızı inkişaf yoluna çıxardı. Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın siyasi sabitliyi təmin olundu, hüquqi dövlət quruculuğu prosesi başlandı, iqtisadi islahatlara start verildi, beynəlxalq aləmdə ölkəmizin nüfuzu möhkəmləndi. Müstəqilliyimizin əbədiliyi və dönməzliyi məhz bu tarixi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində təmin olundu. Bu gün də Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası müasir Azərbaycan dövlətinin təməli olaraq öz aktuallığını qoruyur.

Bu müqəddəs vəzifəni hazırda layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin siyasi və iqtisadi qüdrətini daha da artıraraq, Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, xalqın rifahını və milli maraqlarını hər zaman ön plana çıxarmışdır. Ölkə başçısının qətiyyətli və praqmatik siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövləti statusuna yüksəlmiş, müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Bu Zəfər təkcə ərazi bütövlüyümüzün deyil, eyni zamanda müstəqilliyimizin tam bərpasının simvoludur. Bu tarixi Qələbə Azərbaycan xalqının milli qürurunun, vətənpərvərlik ruhunun və müstəqillik əzminin təntənəsidir.

Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, azad olunmuş torpaqlarımıza həyat qayıdır. Bu prosesdə xalqımızın birlik və həmrəyliyi, dövlət başçısı cənab İlham Əliyevə olan inamı və dəstəyi müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

Biz, Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü əminik ki, müstəqilliyimiz əbədi və dönməz olacaqdır. Bu yolda hər birimiz dövlətçiliyimizin keşiyində durmalı, gənc nəslə milli-mənəvi dəyərlərimizi, tariximizi və azadlıq uğrunda apardığımız mübarizəni aşılamalıyıq. Ağsaqqallar olaraq biz bundan sonra da bu müqəddəs amal naminə üzərimizə düşən missiyanı ləyaqətlə yerinə yetirməyə davam edəcəyik.

Dəyərli həmvətənlər!

Bir daha hər birinizi 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycanımızın rifahı və çiçəklənməsi yolunda hamınıza uğurlar arzulayırıq!

Əbədi və dönməz müstəqilliyimiz mübarək olsun!

Uca Allah müstəqilliyimizin və inkişafımızın qarantı olan möhtərəm Prezidentimizi və xalqımızı qorusun!

 

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor.                                                                                       Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.