Əziz həmvətənlər!
Sizi və bütün müsəlman bacı-qardaşlarımızı Türk və İslam aləminin ən əziz bayramlarından olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və firavanlıq arzulayır, dövlətimizin daha da güclənməsini, xalqımızın daim əmin-amanlıq və rifah içində yaşamasını diləyirik! Allah-Təala kəsdiyiniz qurbanları, etdiyiniz duaları və niyyətlərinizi qəbul etsin! Qoy bu müqəddəs bayram hər bir evə xoşbəxtlik, ruzi-bərəkət və səadət gətirsin!
Uca Yaradan qarşısında sədaqətin, itaətin və fədakarlığın rəmzi olan Qurban bayramı insanlar arasında həmrəylik, mərhəmət, paylaşmaq və mənəvi birlik kimi yüksək bəşəri dəyərləri aşılayır. Bu bayram günlərində ehtiyacı olanlara yardım əli uzatmaq, şəhid ailələrini, qazilərimizi, yaşlılarımızı, kimsəsizləri unutmamaq hər birimizin borcudur. Məhz bu kimi dəyərlər xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi irsin əsasını təşkil edir.
Azərbaycan xalqı artıq beş ildir ki, Qurban bayramını tamamilə fərqli bir ovqatla, xüsusi ruh yüksəkliyi ilə qarşılayır. Bu gün müqəddəs Qurban bayramı müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə sayəsində işğaldan azad olunmuş torpaqlarımızda – Şuşada, Laçında, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və digər bölgələrimizdə böyük fəxr və sevinc hissi ilə qeyd olunur. Bu, müstəqil Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin təntənəsidir. Qürurla qeyd etməliyik ki, bu möhtəşəm Zəfərin təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və müstəqil dövlətçilik ideyaları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi və sarsılmaz xalq-ordu birliyi dayanır. Hazırda Qarabağımızda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, şəhər və kəndlərimizin yenidən qurulması Qurban bayramının ruhuna uyğun olaraq həm də mənəvi dirçəlişimizin rəmzinə çevrilmişdir.
Dəyərli soydaşlarımız!
Bir daha Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, uca Allahdan ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət diləyir, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün edilən duaların, kəsilən qurbanların qəbul olunmasını arzulayırıq!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV