İyun ayının 12-də Zaqatala və Balakən rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının məsul əməkdaşı Elşad Quliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.
Zaqatala və Balakən rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirlərdə Dövlət Himni səsləndirildikdən onra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfranslarda çıxış edən hər iki rayonun icra başçısı Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətdən, ölkəmizin davamlı nailiyyətlərindən bəhs ediblər. Ağsaqqalların respublikamızın ictimai-siyasi həyatında tutduqları əhəmiyyətli mövqedən, o cümlədən yerli ağsaqqalların Zaqatala və Balakən rayonlarının həyatında oynadıqları mühüm roldan geniş söhbət açıblar. Milli-mənəvi dəyərlərimizin qoruyucusu və daşıyıcısı olan ağsaqqalların məsləhətlərinə hər zaman ehtiyacın olması barədə danışıblar. Bildiriblər ki, biz həmişə ağsaqqal sözünə, nəsihətinə qulaq asmışıq və hər zaman bunu gənc nəslə təlqin etmişik.
Sonra Zaqatala Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədovun və Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyevin illik hesabatlarla bağlı məruzələri dinlənilib. Məruzələrdə yerli təşkilatların öz fəaliyyətlərini Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsi, Əsasnaməsi və Tədbirlər planı əsasında quraraq bir sıra əhəmiyyətli tədbirlər, iclaslar, eləcə də şəhid ailələri və qazilərlə görüşlər keçirdikləri, həmçinin gənclərlə maarifləndirici işlər apardıqları qeyd edilib. Həmçinin bildirilib ki, rayonlarda keçirilən bütün əhəmiyyətli toplantılarda yaxından iştirak və çıxışlar edən ağsaqqallar bundan sonra öz fəaliyyətlərini daha səmərəli və hərtərfli həyata keçirməyə çalışacaqlar. Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev hesabat məruzəsinin sonunda payızda rayonda regional konfransın keçirilməsi ilə bağlı təşəbbüslə çıxış edib. Bu təşəbbüs Vahid Novruzov və digər tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, növbəti dəfə ölkəmizin bu dilbər guşələrində dəyərli ağsaqqallarla görüşməkdən məmnun olduğunu bildirib. Sonra hər kəsi qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edən natiq bu əlamətdar günün ictimai, siyasi və tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə xalqımız və dövlətimiz qarşısındakı dəyərli xidmətlərindən ətraflı söz açıb. Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin tərəqqisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, gündən-günə bütün sahələrdə inkişaf edən Vətənimizin uğurlarından, yüksələn beynəlxalq nüfuzundan bəhs edib. Vahid Novruzov bu inkişaf zəminində Azərbaycan Ağsaqqallar Şurasının öz fəaliyyətini səmərəli şəkildə qurmasından, ağsaqqalların respublikamızın ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, eləcə ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək qayğıdan danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən qarşıya qoyulmuş əsas məqsədlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, əxlaqi normaların və sağlam həyat tərzinin təbliği, cəmiyyətimiz, xüsusilə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması ilə bağlı tədbirlər həyata keçirmək və təşkilatın başlıca fəaliyyətini bu istiqamətlərdə qurmaqdır. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov hər iki rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işləri qənaətbəxş qiymətləndirib. Həmçinin əmin olduğunu bildirib ki, yerli təşkilatlar öz fəaliyyətlərini bundan sonra da səmərəli və effektiv şəkildə quracaqlar.
Konfranslarda çıxış edən digər natiqlər də rayon ağsaqqallarının geniş fəaliyyətindən ətraflı bəhs ediblər. Onların cəmiyyətdəki mövqeyindən, gənc nəslin milli ruhda tərbiyəsində müstəsna rolundan danışıblar. Bildiriblər ki, Zaqatala və Balakən ağsaqqalları gələcəkdə də rayonların ictimai-siyasi və mədəni həyatında fəal iştirak edəcəklər.










