Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə Müdafiə Nazirliyinin Quru Qoşunlarının N saylı hərbi hissəsində əsgərlərlə Milli Qurtuluş Gününə həsr olunmuş görüş keçirilib

İyun ayının 13-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə Müdafiə Nazirliyinin Quru Qoşunlarının N saylı hərbi hissəsində əsgərlərlə Qurtuluş Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, gənclər, eləcə də hərbi hissə komandanlığının rəhbərliyi və şəxsi heyət iştirak edib.
Ümumilikdə 500 nəfərdən çox əsgər və zabitin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını, eləcə də gənc əsgərləri Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq onları qarşıdan gələn 15 İyun – Qurtuluş Günü münasibətilə təbrik edib və vurğulayıb ki, biz qalib xalqın sizin kimi qəhrəman əsgər və zabitləri ilə fəxr edirik. Sonra natiq Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin misilsiz xilaskarlıq missiyasından, xalqımız və dövlətimiz üçün müstəsna xidmətlərindən ətraflı bəhs edib. Bildirib ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində Azərbaycanda hökm sürən anarxiyadan, vətəndaş qarşıdurmasından, həmçinin respublikamızı parçalanmaq təhlükəsindən Ümummilli Liderimiz Heydər Əliyev xilas etdi. 1993-cü ilin iyununda dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə Naxçıvandan Bakıya, eləcə də ikinci dəfə hakimiyyətə böyük qayıdışı tariximizin həlledici dönüş nöqtəsi, Azərbaycanın Milli Qurtuluş Günü oldu. Ölkəmizi böhran və xaosdan, məhv olmaqdan xilas edən Ulu Öndərin çoxşaxəli və titanik fəaliyyəti nəticəsində Azərbaycan davamlı inkişaf edən, beynəlxalq aləmdə gündən-günə nüfuzu artan lider bir dövlətə çevrildi. Bu gün biz bir daha böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir və fəxr edirik ki, biz Azərbaycanlıyıq!
Sonra Bayram Yusifov müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimiz tərəfindən torpaqlarımızın işğaldan azad olunmasından, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsindən, dövlət başçısının uğurlu daxili və xarici siyasətindən, qazanılan böyük nailiyyətlərdən söz açıb, bu inkişaf prosesində möhtərəm Prezidentimizin Ordumuza göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Bildirib ki, bu gün Ümummilli Liderimizin işıqlı yolunu layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yüksək inkişaf tempinə malik olan, dünyada sayılıb-seçilən, “imzalar içində qızıldan imzası olan”, uğur salnaməsi yazan dövlət statusunu qazanıb. Biz əminik ki, bütün bu inkişaf strategiyasının əsasını qoyan Ulu Öndər Heydər Əliyev əbədi bir mayak kimi Azərbaycana daim doğru yolu – tərəqqi yolunu göstərəcəkdir! Azərbaycan Ağsaqqallar Şurasının gənclərlə bağlı apardığı fəaliyyət barəsində də məlumat verən natiq üzünü gənc əsgərlərə tutaraq vurğulayıb ki, siz bu gün əsl vətənpərvərlik məktəbi keçirsiniz və biz şahidi oluruq ki, Azərbaycanın suverenliyi, müstəqilliyi etibarlı əllərdədir, Allah sizi qorusun! Sonra Bayram Yusifov bir daha döyüş ruhu, mənəvi-psixoloji və hərbi hazırlığı, vətənpərvərlik hissi yüksək olan igid əsgər və zabitlərimizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və şərəfli xidmətlərində uğurlar arzulayıb. Çıxışının sonunda səsləndirdiyi müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunan “Ali Baş Komandanım” şeiri alqışlarla qarşılanıb.
Görüşdə çıxış edən digər natiqlər – Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, AMEA-nın Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Elgün Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin müdir müavini Elmar Fətəliyev, Gəncə Dövlət Universitetinin kafedra müdiri Etibar Musayev və başqaları xalqımızın taleyinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı öz dəyərli fikirlərini bölüşüblər. Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyasından, eləcə də Ulu Öndərin gərgin zəhməti, yüksək əzmi və siyasi iradəsi sayəsində görülən möhtəşəm işlərdən söz açıblar. Qeyd ediblər ki, xalqımızın dahi oğlu Heydər Əliyev tərəfindən müəyyənləşdirilən uğurlu inkişaf strategiyasını hazırda yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilmişdir. Sonda natiqlər əsgər və zabitlərimizi tariximizin şanlı səhifəsi olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar.
Görüşün sonunda hərbi hissə komandanlığının rəhbərliyi tərəfindən tədbirdə iştirak edən hər kəsə minnətdarlıq edilib və bildirilib ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin və müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin əsgəri kimi bütün çətinliklərə sinə gərərək Vətənimizi göz-bəbəyimiz kimi qoruyacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.