Xəbərlər

Gəncə şəhərinin və Gədəbəy, Göygöl rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar iyun ayının 12-də və 13-də Gəncə, Gədəbəy və Göygöldə təşkil olunub.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən şəhər və rayon icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatında ağsaqqalların dəyərli xidmətlərindən danışıblar. Vurğulayıblar ki, ağsaqqal sözünün və nəsihətinin mühüm əhəmiyyət kəsb etdiyi cəmiyyətimizdə gənclərin dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyac vardır. Natiqlər, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən şəhər və rayonlarımızda gedən dinamik inkişaf prosesindən, uğurlu sosial-iqtisadi siyasətdən bəhs ediblər. Ağsaqqallara göstərilən dövlət qayğısından söz açıblar.
Sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədovun, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun və Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Məruzələrdə qeyd olunub ki, yerli təşkilatlar tərəfindən müntəzəm olaraq gənclərimizin maarifləndirilməsinə, bayramlara, əlamətdar və tarixi günlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə görüşlər keçirilib. İcra Hakimiyyətləri, eləcə də YAP-ın və Qərbi Azərbaycan İcmasının yerli təşkilatları ilə əməkdaşlıq daha da genişləndirilib, birgə fəaliyyət proqramları çərçivəsində bir sıra işlər görülüb. Professor Nurəddin Məmmədovun məruzəsində Gəncə Şəhər Ağsaqqallar Şurasının hər zaman olduğu kimi, son dövrdə də aktiv fəaliyyət göstərdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə son bir ildə aktual mövzularla bağlı 10 konfrans keçirilmişdir ki, onlardan 5-i xüsusi əhəmiyyətli regional konfrans olmuşdur.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayıb və hər bir kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdışı ilə tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü il dövlətçiliyimizin xilas və qurtuluş günüdür. “Xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən qurtaran Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitlik yaradaraq respublikamızın müstəqilliyini qoruyub saxlamağa, onu inkişaf yoluna çıxarmağa nail oldu. Azərbaycanın gələcək zəfərlərinin təməli qoyuldu. Ümummilli Liderimizin ən layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu tərəqqi və zəfər yolunu hazırda uğurla davam etdirir. Bu gün biz gənc nəslə öyrətməli, izah etməliyik ki, Azərbaycan hansı çətin yollardan keçərək bugünkü inkişaf yoluna gəlib çatıb. Ona görə də biz hamımız dövlətimizə, dövlətçiliyimizə, yəni xoşbəxt gələcəyimizə xidmət etməliyik,” – deyə Bayram Yusifov qeyd edib. Sonra öz çıxışında ağsaqqallıq institutunun qədim tarixindən və sonrakı inkişafı prosesindən ətraflı bəhs edən natiq hazırda ölkəmizdə ağsaqqalların böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Bildirib ki, biz ağsaqqallıq institutunu daha da dirçəltməli, canlandırmalıyıq. O, yaşlı insanlardan fərqli olaraq bütün müsbət keyfiyyətlərin daşıyıcıları olan ağsaqqallara daha çox ictimai fəal və motivasiyalı olmağı tövsiyə edib, çünki cəmiyyətimizin onlardan gözləntiləri çoxdur. Belə ki, müasir dövrümüzün bəlası olan narkomaniyanın, boşanmaların, erkən nikahların və cəmiyyətimizdəki digər neqativ halların qarşısını almaq, gənclərimizi qorumaq üçün ağsaqqal sözünə, bilik və təcrübəsinə böyük ehtiyac vardır. Hesabat dövrü ərzində görülən işləri ümumilikdə qənaətbəxş qiymətləndirən Bayram Yusifov Gəncə Şəhər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirib. Əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində bütün yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə quracaqlar.
Tədbirlərdə digər natiqlər də çıxış edərək, şəhər və rayon Ağsaqqallar Şuraları üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli səmərəli fəaliyyətlərindən bəhs ediblər. Ölkəmizin hər bir bölgəsində ağsaqqallara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.
Gəncədə keçirilən hesabat konfransında Bayram Yusifov ölkəmizin ictimai-siyasi və elmi-pedaqoji həyatında, gənc nəslin maarifləndirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Şura tərəfindən Azərbaycan Ağsaqqallar Şurasının və Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin Fəxri Fərmanla təltif edildiyini vurğulayaraq onu üzrlü səbəbdən tədbirdə iştirak edə bilməyən yubilyarın səlahiyyətli nümayəndəsinə təqdim edib. Göygöldə keçirilən tədbirdə də Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənov 75 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Fərmanı” ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.