Masallıda Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Niftiyev Ələşrəf Nuru oğlunun 80 illik yubileyi qeyd olunub.
Yubiley tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ələşrəf Niftiyevin müəllifi olduğu kitablar və qəzetlərdə dərc edilən məqalələrdən ibarət sərgi ilə tanış olublar.
Masallı şəhər Gənclər evində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Mehtiyev açaraq yubliyarın həyat və yaradıcılığı barədə məlumat verib.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən Niftiyev Ələşrəf Nuru oğlu 47 ildən artıq müxtəlif vəzifələrdə çalışmış, əmək pensiyasına çıxdıqdan sonra 3 il Rayon Ağsaqqallar Şurasının sədrinin müavini olmuş və 2016-cı ildən hal-hazıradək Şuranın sədridir. O, dəyərli xidmətlərinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına, “Fəxri Ağsaqqal” döş nişanına, “Qızıl qələm” mükafatına və digər təltiflərə layiq görülüb. Yubilyarın, həmçinin, 23 kitabın, irihəcmli yüzlərlə məqalənin, elmi-publisistik, pedaqoji və ictimai mövzularda yazıların, tərcümələrin müəllifi olduğunu qeyd edən natiq vurğulayıb ki, nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, tanınmış ictimai xadim Ələşrəf Niftiyevin ömür yolu gənclərimiz üçün əsl örnəkdir. Ulu Öndər Heydər Əliyev ideyalarına həmişə sədaqətli olan Ələşrəf müəllim Masallının simasını təmsil edən nüfuzlu ziyalıdır.
Yubiley tədbirində çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev Masallı Rayon Ağsaqqallar Şurasının sədri olaraq Ələşrəf Niftiyevin səmərəli ictimai fəaliyyətindən, eləcə də gənc nəslin inkişafına, vətənpərvəlik ruhunda formalaşmasına verdiyi töhfələrdən söz açıb. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında və Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə Şura tərəfindən Ələşrəf Niftiyevin Fəxri Fərmanla təltif edildiyini vurğulayaraq onu yubilyara təqdim edib. Yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin təbriklərini çatdırıb, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, iki şəhid anası Ziba Əsgərova, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Rayon Ağsaqqallar Şurasının üzvü Əli Əlişov, Əməkdar jurnalist, tərcüməçi Zakir Abbas, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli yubilyarın çoxşaxəli yaradıcılıq uğurlarından danışaraq xatirələrini bölüşüblər, 80 illik yubileyi münasibətilə ona ən xoş arzularını çatdırıblar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov da Ələşrəf Niftiyevə rayonun ictimai-siyasi həyatında fəal iştirakı və 80 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edib.
Tədbirin sonunda Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Ələşrəf Niftiyev ona göstərilən diqqətə görə hər kəsə öz dərin minnətdarlığını bildirib və bundan sonra da böyük ruh yüksəkliyi ilə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.






