İyun ayının 21-də Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə general-mayoru Akif Rəfiyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli və məsul əməkdaşı Elşad Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Ağsaqqallar Şurası sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların ictimai-siyasi və mədəni fəaliyyətindən söz açıb. Onların dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. Öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda həyata keçirilən inkişaf prosesindən də ətraflı söz açan natiq cəmiyyətimizin müdrik təbəqəsi olan ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki,
Şura üzvləri aktual mövzularla bağlı təşkil olunan bir çox tədbirlərdə yaxından iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə, həmçinin orta məktəblərdə və peşə təhsili məktəblərində gənclərlə mütəmadi görüşlər keçirərək onlarla maarifləndirici işlər aparıblar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini sakinlər arasında təbliğ ediblər. Xüsusilə təhsil müəssisələrində “Narkomaniyaya Yox!” devizi altında tədbirlər keçiriblər ki, burada da əsas məqsəd gənclərimizi XXI əsrin bəlası sayılan narkomaniyadan və digər zərərli vərdişlərdən qorumaq olub. Natiq çıxışının sonunda bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklərini vurğulayıb.
Sonra konfransda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli və digər natiqlər Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin uğurlu rəhbərliyi ilə Şurada, o cümlədən Binəqədi rayonunda ağsaqqalların geniş və səmərəli fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, ağsaqqallar hər zaman olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verirlər. Natiqlər öz çıxışlarında Akif Rəfiyevin sədrliyi ilə Binəqədi Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndiriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor vahid Novruzov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Binəqədi Rayon Ağsaqqallar Şurasının aktiv fəaliyyətini yüksək dəyərləndirərək, bu işdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyevin xidmətlərinin böyük olduğunu vurğulayıb. Sonra natiq ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin dinamik inkişafı prosesindən, gündən-günə artan beynəlxalq nüfuzundan bəhs edib. Azərbaycanın regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini, ali məqsədlərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bu inkişaf fonunda ağsaqqalların da öz fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarının vacibliyini vurğulayan Vahid Novruzov bildirib ki, hər il olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilmiş cari ildə də təşkilat üzvləri ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etməlidirlər. Əsas hədəfimiz, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsində də öz əksini tapdığı kimi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, əxlaqi normaların və sağlam həyat tərzinin təbliği, cəmiyyətimiz, xüsusilə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması ilə bağlı tədbirlər həyata keçirmək və təşkilatın başlıca fəaliyyətini bu istiqamətlərdə qurmaqdır. Vahid Novruzov çıxışının sonunda ağsaqqallara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.
Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
- 21-06-2025
- [20:38]
- []
21
İyn







