İyun ayının 23-də Lerik Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, AMEA-nın müşaviri, akademik Adil Qəribov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, rayonun idarə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov giriş nitqində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayaraq, milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin, eləcə də şəhər və rayonlarımızın ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs edib. Yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından və regionların, o cümlədən Lerik rayonunun inkişafına ayrılan diqqətdən söhbət açıb. Konfransın işinə uğurlar arzulayıb.
Sonra Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun hesabat dövrü ərzində təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Natiq bildirib ki, yerli təşkilat tərəfindən müntəzəm şəkildə gənc nəslin maarifləndirilməsinə, tarixi və əlamətdar günlərə və digər bir çox aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən gənclərlə görüşlər keçirilir. Daim Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsini cəmiyyət arasında təbliğ edən Rayon Ağsaqqallar Şurası fəaliyyətini “Konstitusiya və Suverenlik İli”ndə də aktiv şəkildə davam etdirir. Çıxışının sonunda Elxan Qənbərov vurğulayıb ki, rayon ağsaqqalları üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlar.
Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov, şəhid atası Rəbbil Heydərov və başqaları çıxış edərək ağsaqqalların böyük əzmkarlıqla həyata keçirdikləri səmərəli işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin ölkəmizin hər bir bölgəsində, eləcə də Lerikdə ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər. Lerik Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndiriblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və ölkəmizin dilbər guşəsi sayılan, uzunömürlülüər, mərd və vətənpərvər oğullar diyarı olan Lerik rayonunun müdrik insanları ilə növbəti dəfə görüşməkdən məmnun olduğunu bildirib. Sonra natiq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan üçün müstəsna ximətlərindən bəhs edərək vurğulayıb ki, bu gün ölkəmizdə Ulu Öndərin bütün ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi, demokratik, suveren, qüdrətli və davamlı olaraq inkişaf edən dövlət qurulmuşdur. Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi Ümummilli Liderimiz və onun işıqlı yolunu yüksək səviyyədə davam etdirən cənab İlham Əliyev kimi qətiyyətli və güclü Prezidentimiz, müzəffər Ali Baş Komandanımız var. Həmçinin Abel Məhərrəmov “vaxtilə Ulu Öndər Heydər dövrünün yetirmələri olan biz hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövrünün ağsaqqallarıyıq,” – deyə qeyd edib. Sonra natiq Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə də toxunub. Bildirib ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və bu gün artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın dədə-baba yurdlarına qayıtmaq ümidini daha da artırıb. Abel Məhərrəmov Eldar Quliyevin sədrliyi ilə təşkilatın aktiv və səmərəli fəaliyyətindən də ətraflı söhbət açıb, eləcə də cəmiyyətimizdə mövcud olan neqativ hallara – boşanmaların sayının artmasına, erkən nikahların fəsadlarına, narkomaniya bəlasının yayılmasına da toxunaraq qeyd edib ki, ağsaqqallar bu sahədə daha fəal olmalı, maarifləndirmə işlərini artırmalı, eləcə də milli ideologiyanı inkişaf etdirməli, gənclərimizə vətənpərvərlik ruhunu aşılamalıdırlar. Sonda hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirən natiq hər bir ağsaqqala möhkəm cansağlığı, uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, təşkilat öz gələcək fəaliyyətini daha səmərəli və effektiv şəkildə quracaqdır.
Konfransda çıxış edən AMEA-nın müşaviri, akademik Adil Qəribov Azərbaycan Ağsaqqallar Şurasının təmsil olunan müdrik ağsaqqallarımızın fəaliyyətini yüksək qiymətləndirib. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan, dəyərli xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına daim sadiq olan ağsaqqallarımız dövlətçiliyin qorunmasında, gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində böyük xidmətlərə malikdirlər.
Sonda xatirə şəkli çəkilib.









