Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadənin 85 illik yubileyi qeyd olunub

İyunun 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı alim, millət vəkili, “Şöhrət” və “Şərəf” ordenli akademik Ziyad Səmədzadənin 85 illiyinə həsr olunan “Azərbaycan Respublikasının iqtisadi-siyasi inkişaf mərhələləri və müasir dövr” mövzusunda tədbir keçirilib.
Tədbirdə yubilyarla yanaşı, AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, professor Vahid Novruzov, millət vəkili Ağalar Vəliyev, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, eləcə də dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ziyalılar, elm və təhsil müəssisələrinin nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə akademik Ziyad Səmədzadənin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış keçirilib.
Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ziyad Səmədzadənin Azərbaycanda iqtisad elminin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, görkəmli alim fundamental araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin dərin təhlillər əsasında öyrənilməsinə sanballı töhfələr verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının işığında bu elm ocağının yubileyi ilə əlaqədar yenidən çapa hazırlanan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabında akademik Ziyad Səmədzadə haqqında da ensiklopedik məlumatların yer aldığını diqqətə çatdırıb.
Yubilyarın ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə nəzər salan AMEA rəhbəri onun 25 yaşında namizədlik, 31 yaşında doktorluq dissertasiyalarını uğurla müdafiə etdiyini, 40 yaşında AMEA-nın müxbir üzvü, 49 yaşında isə AMEA-nın həqiqi üzvü seçildiyini bildirib.
“Ömrünün böyük bir hissəsini elmə həsr edən akademik Ziyad Səmədzadə fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi məsələsini daim diqqət mərkəzində saxlamışdır”, – deyən AMEA prezidenti vurğulayıb ki, alim xüsusən Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dahi liderin apardığı böyük siyasətdə əsas istiqamətlərdən biri olan iqtisadi müstəqillik məsələsini elmi cəhətdən həmin zamanın şərtlərinə uyğun ifadə etməyi bacarmışdır. Akademik Ziyad Səmədzadə istər keçid dövrü iqtisadiyyatını, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan modernləşmə, yeniləşmə və islahatlar dövrünün iqtisadi proseslərini təhlil edərkən iqtisadi müstəqillik və iqtisadi inkişaf nöqteyi nəzərindən məsələlərə baxmışdır.
Sonra Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov alimin həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib.
Tədbirdə digər natiqlərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev də çıxış edib. O, öz çıxışında Azərbaycanda iqtisadiyyat elminin inkişafına dəyərli töhfələr verən Ziyad Səmədzadənin mənəvi zənginliyə malik böyük alim və nüfuzlu şəxsiyyət olduğunu vurğulayıb. Bildirib ki, iqtisadiyyat sahəsində apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və əldə etdiyi uğurlu nəticələr görkəmli alimə dünya şöhrəti qazandırmışdır. Fəaliyyəti boyunca Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyən Ziyad Səmədzadə bu gün də ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq vətənpərvər millət vəkili və dəyərli alim kimi xalqımıza böyük xidmətlər göstərir. Eldar Quliyev yubilyarın müdrik bir ağsaqqal kimi fəaliyyətini yüksək dəyərləndirərək vurğulayıb ki, şərəfli və məhsuldar ömür yolu keçən Ziyad müəllim həyatının bu kamillik çağında Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müstəqil dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində əhəmiyyətli rol oynayır. Sonra Eldar Quliyev Ziyad Səmədzadəni 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək möhkəm cansağlığı, uğurlar arzulayıb və yubilyara hədiyyələri təqdim edib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru Hicran Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, millət vəkili, professor Fəzail İbrahimli, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov və digərləri çıxış edərək Ziyad Səmədzadənin iqtisad elmində tutduğu mövqedən danışıb, yubilyarı təbrik ediblər. Çıxışlarda bildirilib ki, akademik Ziyad Səmədzadə respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, iqtisadi innovasiyaların inkişafı və s. məsələlərin həllində fəal iştirak edib.
Sonda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə böyük diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.