İyun ayının 25-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadənin 85 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Ziyad müəllim!
Sizi – dərin elmi bilikləri və zəngin ictimai-siyasi fəaliyyəti ilə böyük nüfuz sahibi olan müdrik ağsaqqalımızı, dəyərli ziyalımızı və alicənab şəxsiyyəti 85 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və Azərbaycanımızın inkişafı naminə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Xalqımız Sizi Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək təşkilatçılıq, rəhbərlik və idarəetmə qabiliyyətinə, ən başlıcası isə mənəvi zənginliyə malik böyük alim və müdrik ağsaqqal kimi tanıyır. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyən bir şəxsiyyət kimi uzun və şərəfli ömür yolunuz Azərbaycan xalqına, dövlətinə və elm aləminə sədaqətlə xidmət nümunəsidir. Siz apardığınız sanballı elmi axtarışlar, iqtisadiyyat sahəsində dərin tədqiqatlarla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etmisiniz. Akademik olaraq iqtisadiyyat elminin inkişafında, parlament üzvü kimi dövlətçiliyimizin möhkəmləndirilməsində və cəmiyyətə ağsaqqallıq töhfənizlə mənəvi dəyərlərin qorunmasında xüsusi xidmətləriniz vardır. Sizin fəaliyyətiniz müasir Azərbaycan elminin və iqtisadi siyasətinin formalaşmasında əvəzsiz rol oynamışdır. Layiq olduğunuz yüksək vəzifələrdə çalışaraq milli və dövlət maraqlarını daim ön planda tutmuş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına öz sanballı töhfələrinizi vermisiniz. Bu gün də parlamentdə təmsil olunduğunuz dövrdə xalqımızın rifahı, dövlətimizin inkişafı üçün yorulmadan çalışan əsl ziyalı və müdrik ağsaqqal kimi fəaliyyətiniz gənclərimiz üçün əsl örnəkdir. Böyük xidmətləriniz dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib və Siz “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə və bir çox ali təltiflərə layiq görülübsünüz.
Hörmətli Ziyad müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə tükənməyən gənclik enerjisi və firavanlıq, Vətənimizin yüksəlişi üçün gördüyünüz bütün işlərdə davamlı nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV