Tovuz Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeni dövrdə gənclərin hüquq və vəzifələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov, ağsaqqallar, gənclər, RİH aparatının məsul əməkdaşları, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun nümayəndələri və müəllimlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov tədbiri giriş sözü ilə açaraq bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin, milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq. Natiq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən yeni dövrün çağrışlarına uyğun olaraq həyata keçirildiyini də xüsusi vurğulayıb. Ölkədə gənclər üçün yaradılan geniş imkanlardan ətraflı bəhs edərək “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar ağsaqqalların da yaxından iştirak etdikləri gənc nəslin hüquqi maarifləndirilməsi, vətənpərvərlik və vətəndaşlıq nümunəsində formalaşmasına xidmət edən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, bu tədbirin əsas məqsədi gənclərlə işi təkmilləşdirmək və yeni inkişaf mərhələsinə daşımaqdır.
Daha sonra RİH başçısı aparatının məsul işçisi Tofiq Əliyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev və Gənclər Evinin direktor müavini Azər Babayev çıxış edərək bildirmişlər ki, Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və Konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Bu isalahatlar dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş gənclər siyasətini də əhatə edir. Azərbaycan gəncliyinin milli ruhda yetişməsinin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsi idi. Onlar tarixin və tərəqqipərvər bəşəriyyətin şahidliyi ilə başlanan və 44 gün davam edən Vətən müharibəsindən Zəfərlə çıxaraq, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Hələ Vətən Müharibəsi başlamadan öncə, Tovuz döyüşlərində minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət edirdi. Bu müraciətlər vətənpərvərlik ruhunun Vətənə hesabatı sayılırdı. Ermənistanda fərariliyin baş alıb getdiyi, gənclərin ordudan yayındığı bir vaxtda Azərbaycan gəncləri döyüşə can atırdılar.
Çıxışlardan sonra tədbirin sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tərəfindən hazırlanmış “Konstitusiya və Suverenlik: milli məfkurənin qoruyucusu kimi” metodiki materialın gənclərlə bağlı bölmələri slayd vasitəsilə tədbir iştirakçılarına təqdim edilmiş, hüquqi maarifləndirmə aparılmış və əlaqədar şəxslərə həmin vəsaitdən istifadə etmələri tövsiyə olunmuşdur.
Tovuz Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
- 25-06-2025
- [16:45]
- []
25
İyn





