İyulun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Ağsaqqallar Şurasının, YAP Daşkəsən rayon təşkilatının və rayonun Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cavanşir Qocayevin 75 illik yubileyi və yeni çapdan çıxmış “Dağların qoynunda yaşanan ömür” kitabının təqdimatına həsr olunan tədbir keçirilib.
Tədbirdə yubilyarla yanaşı, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Daha sonra yubilyarın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Cavanşir Qocayevi 75 illik yubileyi münasibətilə təbrik edərək, onun rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında uzun illər ərzində göstərdiyi xidmətləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından tədbir iştirakçılarını salamlayaraq Cavanşir Qocayevi yubileyi münasibətilə təbrik edib. Sonra yubilyarın Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri kimi gördüyü uğurlu işlərdən ətraflı bəhs edən natiq Cavanşir Dövlət oğlu Qocayevin ölkəmizin ictimai-siyasi, mədəni həyatında və Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini vurğulayıb və döş nişanını yubilyara təqdim edib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Xəzangül Hüseynova, AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Daşkəsən Rayon Şəhid Anaları Xeyriyyə Cəmiyyətinin sədri, şəhid anası Qızbəs Abbasova, tanınmış bəstəkar Svetlana Zelmixanqızı, şair-qiraətçi Lalə Həsəncan və Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmar Vüqarlı Cavanşir Qocayevin ictimai və ədəbi fəaliyyəti barədə söz açıblar, ürək sözlərini bölüşüblər, ona yubileyi və yeni kitabının işıq üzü görməsi münasibətilə təbriklərini çatdırıblar.
Tədbirin sonunda Cavanşir Qocayev çıxış edərək, təşkilatçılara və iştirakçılara, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə dərin təşəkkürünü bildirib, bu diqqətin onun üçün böyük mənəvi stimul olduğunu vurğulayıb.
Yubiley mərasimi Daşkəsəndə müdrik bir ağsaqqalın və vətənpərvər ziyalının ömür yoluna və fəaliyyətinə verilən yüksək qiymətin, mədəni dəyərlərə göstərilən ehtiramın parlaq təcəssümü kimi yadda qalıb.








