“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) iyunun 27-də Yekaterinburqda azərbaycanlıların yaşadığı mənzillərə basqın etməsi nəticəsində 9 nəfər saxlanılıb, 2 azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşlarının öldürülməsi və bir neçə soydaşımızın ağır xəsarət alması Azərbaycanda narazılıq və narahatlıqla qarşılandı. Rusiya daxilində miqrantlara və müsəlmanlara qarşı mövcud olan şovinizm və diskriminasiya siyasətinin nəticəsi olaraq üzə çıxan bu hallar beynəlxalq hüquqa və bu ölkənin özünün də tərəfdaş çıxdığı prinsiplərlə ziddiyyət təşkil edir”.
Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Yekaterinburqda azərbaycanlılara qarşı olan qəddar davranışlar nəticəsində soydaşlarımızın ölümü və xəsarət alması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Deputat Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı dərhal reaksiya verdiyini və dövlətimizin baş verənlərdən öz narahatlığını qarşı tərəfə çatdırdığını bildirib: “Azərbaycan XİN-in yaydığı bəyanatda Yekaterinburq reydi ilə bağlı “təxirəsalınmaz araşdırma aparılmasını və günahkarların cəzalandırılması” tələb olunub. Hadisə ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb və ondan izahat tələb edilib. Dövlətimiz bu məsələ ilə bağlı günahkarların cəzalanmasını, hüquq qarşısında cavab verməsini istəyir. Kimliyindən və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının taleyi Azərbaycan dövləti üçün mühüm önəm kəsb edir”.
Eldar Quliyev dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğunu, onların hüquqlarını sona qədər qorumaq əzmini bir daha bəyan etdiyini söyləyib: “Sözsüz ki, Yekaterinburqda azərbaycanlılara qarşı heç bir səbəb olmadan əməliyyat keçirilməsi təsadüfən baş verən hadisə deyil. Həmin əməliyyat zamanı iki nəfərin öldürülüb, bir çoxunun saxlanılması və işgəncələrə məruz qalması Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb oldu. Görünən odur ki, rəsmi Moskva normal qonşuluq münasibətlərini qoruyub saxlamaq niyyətində deyil. Bu Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanmış tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında bəyannamənin prinsiplərinin pozulması deməkdir. AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasına görə Rusiya tərəfinin hələ də üzr istəməməsi faktı da yaddan çıxmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, şimal qonşumuz məsələlərə fərqli kontekstdə yanaşır. Bu isə heç bir halda iki dövlət arasında münasibətlərin ruhuna xidmət etmir”.