Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Bərdə, Tərtər və Goranboy rayon təşkilatlarında hesabat konfransları keçirilib

İyul ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının Bərdə, Tərtər və Goranboy rayon təşkilatlarında hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, habelə rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevi və tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin başçıları öz çıxışlarında bildiriblər ki,  ölkəmizin hər bir bölgəsində olduğu kimi Bərdə, Tərtər və Goranboy rayonlarında da ağsaqqallar yüksək nüfuza və hörmətə malikdirlər. Ulu Öndər Heydər Əliyevin və dahi liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən natiqlər vurğulayıblar ki, milli mentalitetimizə və dəyərlərimizə daim bağlı olan hər üç rayonun əhalisi ağsaqqal sözünə və məsləhətinə hər zaman böyük önəm verir. Rayon rəhbərləri çıxışlarının sonunda ağsaqqalların aktiv fəaliyyətləri ilə seçildiklərini vurğulayaraq konfransların işinə uğurlar arzulayıblar.
Sonra Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Məruzələrdə vurğulayıblar ki, hesabat dövrü ərzində yerli təşkilatlar rayonların ictimai-siyasi və mədəni həyatında, bir çox aktual məsələlərin həllində aktiv iştirak ediblər. Natiqlər, həmçinin, bildiriblər ki, ağsaqqallar Bərdə, Tərtər və Goranboy rayonlarında keçirilən tədbir və görüşlərdə yaxından iştirak və çıxışlar ediblər, əsasən, təhsil ocaqlarında gənclərlə maarifləndirici söhbətlər apararaq  onların dövlətçilik və vətənpərvərlik ruhunda yetişmələri üçün öz məsləhət və tövsiyələrini vermiş, şəhid ailələrinin üzvlərinə, qazilərə diqqət və qayğı ilə yanaşmış, onlara daim dəstək olmağa çalışmışlar. Sədrlər məruzələrinin sonunda ölkəmizin inkişafı naminə gələcəkdə də öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, ona doğma olan bu rayonlarda ağsaqqallarla və sakinlərlə növbəti dəfə görüşdüyü üçün məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən natiq vurğulayıb ki, dövlət başçısının zəngin təcrübəsi, müdrik və güclü siyasəti nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti davamlı olaraq artır, beynəlxalq aləmdə nüfuzu gündən-günə möhkəmlənir və dünya səviyyəsində lider dövlətlər sırasına yüksəlir. Ağalar Vəliyev Azərbaycanı sevməyən, uğurlarımızı gözü götürməyən qüvvələrin ölkəmizə,  vətəndaşlarımıza  qarşı apardıqları məkrli siyasətdən, qəddar davranışdan söz açıb. Vurğulayıb ki, hər zaman olduğu kimi bu gün də biz ağsaqqallar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməli, dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti yüksək səviyyədə dəstəkləməliyik. Çıxışının sonunda  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev yerli təşkilatların hesabatlarını qənaətbəxş hesab edərək, onlara fəaliyyətlərinin daha da aktivləşdirilməsi ilə bağlı öz tövsiyələrini verib, hər bir ağsaqqala möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də təşkilatların fəaliyyətlərini qənaətbəxş dəyərləndirərək, rayonların ictimai-mədəni həyatında, gənc nəslin sağlam təməllər üzərində formalaşmasında ağsaqqalların daim xüsusi rol oynadıqlarını vurğulayıblar. Qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin yolunu hər sahədə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ağsaqqallara hərtərəfli qayğı ilə yanaşır. Çıxışçılar,  həmçinin,  əmin olduqlarını bildiriblər ki, ağsaqqallar gələcəkdə öz fəaliyyətlərini daha aktiv şəkildə quracaqlar.
Konfransların sonunda xatirə şəkilləri çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.