Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

İyul ayının 9-da Nərimanov Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Nərimanov  Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif  Hümbətov, ağsaqqallar, ziyalılar, gənclər, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan bəhs edib. Vurğulayıb ki, gənclərin maarifləndirilməsində, onların milli-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsində ağsaqqallara daim böyük ehtiyac var və dövlətimizə bağlı olan Arif Hümbətovun sədrliyi ilə bu gün Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri öz ictimai-siyasi fəallıqları ilə seçilirlər. Konfransın işinə uğurlar arzulayan natiq əmin olduğunu bildirib ki, rayon ağsaqqalları bundan sonra da aktiv fəalliyyətlərini davam etdirəcəklər.
Sonra Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif  Hümbətov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirib ki, təşkilatın üzvləri rayonun ictimai-siyasi və mədəni həyatında aktiv rol oynayaraq sakinlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini təbliğ edir, rayonda keçirilən tədbirlərdə, eləcə də ağacəkmə və bir sıra digər aksiyalarda yaxından iştirak edir, təhsil müəssisələrində mütəmadi görüşlər keçirərək gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələrinə və qazilərə maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Arif Hümbətov, həmçinin, təşkilat tərəfindən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunan “Ziyalı” və “Zaman XXI” jurnallarının ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” kimi dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, “Zəfər Günü”nə, “Gənclər Günü”nə, Tibb İşçilərinin Peşə Bayramına və bir sıra əlamətdar günlərə həsr edilmiş xüsusi buraxılışlarını tədbir iştirakçılarına təqdim  edib. Vurğulayıb ki, Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri bundan sonra da öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Daha sonra konfransda çıxış edən Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – filologiya elmləri doktoru, professor Əsgər Zeynalov, ziyalı, pedaqoq Vaqif Mehdiyev, yazıçı Məmmədtağı Abbasov, şair Mərcan Şahbuzlu təşkilat üzvlərinin böyük həvəslə həyata keçirdikləri işlərdən, onların dəyərli fəaliyyətindən ətraflı bəhs ediblər. Həmçinin müəyyən məsələlər və onların həlli barədə fikir mübadiləsi aparıblar, səmərəli təkliflər irəli sürüblər. Çıxışlar zamanı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üvü, şair Mərcan Şahbuzlunun vətənpərvərlik ruhunda səsləndirdiyi şeir alqışlarla qarşılanıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Nüfuzlu ziyalıları, görkəmli şəxsiyyətləri ilə tanınan və ona doğma olan Nərimanov rayonunda ağsaqqallarla və rayon sakinləri ilə görüşdən məmnun olduğunu bildirən natiq Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə misilsiz xidmətlərindən ətraflı bəhs edib. Bildirib ki, müdrik siyasəti, yüksək fəaliyyəti, fenomen yaddaşı, dəyərli şəxsiyyəti ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər Əliyev Azərbaycan üçün, ölkəmizin xilası və tərəqqisi üçün dünyaya gəlmişdi. Biz xoşbəxtik ki, bu gün onun yolunu uğurla davam etdirən cənab İlham Əliyev kimi dünya nüfuzlu Prezidentimiz, müzəffər Ali Baş Komandanımız var. Məhz bu böyük şəxsiyyətin, qətiyyətli sərkərdənin rəhbərliyi ilə qəhrəman övladlarımız torpaqlarımızı işğaldan azad etdi və bu gün biz qürurla qalib xalqın nümayəndələri kimi alnıaçıq, üzüağ bütün dünyaya öz sözümüzü deyirik. Eldar İbrahimov, həmçinin, bu gün beynəlxalq səviyyədə gedən qlobal proseslərdən, dövlət başçısı cənab İlham Əliyevin bu proseslər fonunda apardığı uğurlu siyasətdən söz açıb. Vurğulayıb ki, hər zaman olduğu kimi, bu gün də biz möhtərəm Prezidentimizin ətrafında sıx birləşməli, öz səmərəli fəaliyyətimizlə onu dəstəkləməliyik. Daha sonra natiq Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şuranının məhsuldar fəaliyyətindən bəhs edib. Eləcə də Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətovun və təşkilatın işini yüksək qiymətləndirib, buraxılan dəyərli jurnalları uğurlu fəaliyyətin bariz nümunəsi adlandırıb. Eldar İbrahimov öz çıxışında cəmiyyətimizdəki müəyyən problemlərdən, eləcə də boşanmaların sayının artmasından da danışıb. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizi qoruyub yaşadan ağsaqqallar valideynlərlə, müəllimlərlə, ziyalılarla birlikdə gənclərimizin maarifləndirilməsində, çatışmazlıqların aradan qaldırılmasında daha yaxından iştirak etməlidirlər. Çıxışının sonunda natiq ağsaqqallara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Yamil Məmmədov təşkilatın işində səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.