Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb.
Görüş zamanı Vahid Hacıyev cəmiyyətimizdə böyük nüfuza və hörmətə malik olan müdrik ağsaqqallarla görüşməyin çox önəmli və xoş olduğunu qeyd edib. Bildirib ki, yüksək təcrübə və bilik sahibi olan bu dəyərli insanlarla fikir mübadiləsi etmək, onların məsləhət və təkliflərini öyrənmək ümumi işə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Prezidentin xüsusi nümayəndəsi, həmçinin, vurğulayıb ki, ölkəmizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, xüsusilə də gənc nəslin milli və vətənpərvərlik ruhunda yetişməsində ağsaqqalların, eləcə də Cəbrayıl rayonunun ağsaqqallarının xidmətləri var. Öz nitqində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyətindən danışan Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işlərindən və “Böyük Qayıdış”dan bəhs edib. Digər rayonlarla yanaşı, Cəbrayılın yenidən qurulması və burada mövcud olmuş iqtisadiyyat və başqa sahələrin dirçəldilməsi üçün görülmüş və görüləcək işlər barədə ağsaqqallara ətraflı məlumat verib.
Görüşdə çıxış edən Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov ağsaqqalların cəmiyyətin inkişafındakı rolundan bəhs edib, rayon ağsaqqallarının adından onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevə minnətdarlığını bildirib. Artıq Cəbrayılda məskunlaşan Rayon Ağsaqqallar Şurasının üzvlərinin fəaliyyətindən söz açıb. Vurğulayıb ki, rayonun ictimai-mədəni həyatında yaxından iştirak edən ağsaqqalların təşəbbüsü və dəstəyi ilə Qurban bayramında rayonda şəhid ailələrinə, qazilərə, ehtiyacı olan insanlara qurban payları çatdırılıb. Eləcə də bildirib ki, ağsaqqallar sakinlər üçün inanc yeri sayılan tarixi və dini abidələrin səliqəyə salınmasında, qorunmasında və digər əhəmiyyətli işlərin həyata keçirilməsində öz səylərini əsirgəmirlər. Vaqif Məhərrəmov, həmçinin, qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev rayon ağsaqqallarının fəaliyyətinə ciddi dəstək olur, müxtəlif tədbirlərin, eləcə də ağsaqqalların yubileylərinin keçirilməsinə xüsusi diqqət ayırır. Sonra natiq rayonla bağlı bir neçə təkliflə də çıxış edib. Rayonda yanacaqdoldurma məntəqəsinə, avtomobillərin təmiri üçün xüsusi yerlərin olmasına, eləcə də xeyir-şər məclisləri üçün mərasim evinə ehtiyacın olduğunu diqqətə çatdırıb. Cəbrayıllı şəhid övladının işlə təmin olunması və bir neçə digər həlli vacib məsələ ilə bağlı Vahid müəllimə müraciət edib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev rayon ağsaqqallarının fəaliyyətini yüksək dəyərləndirərək onlara minnətdarlığını bildirib və qaldırılan məsələlərin diqqətə alınaraq həll edilməsi üçün yerindəcə lazımi göstərişlər verib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayılda ağsaqqallarla görüşüb
- 11-07-2025
- [16:26]
- []
11
İyl

