Avqust ayının 2-də Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ziyalı, müdrik ağsaqqal Ədalət Əsgərovun 75 yaşı tamam olur.
Ədalət Əsgərov həyatının böyük bir hissəsini Cəlilabad rayonunun ictimai-mədəni inkişafına, xüsusilə də təhsil sahəsinə həsr etmiş dəyərli ziyalılarımzdandır. Uzun illər rayonun təhsil sistemində məsul vəzifələrdə səmərəli fəaliyyət göstərərək minlərlə şagirdin və müəllimin həyatında silinməz izlər buraxmışdır. Dərin biliyi, yüksək təşkilatçılıq bacarığı, pedaqoji təcrübəsi və mənəvi alicənablığı onu həm peşəkar həmkarları, həm də geniş ictimaiyyət arasında nüfuzlu və sevilən bir şəxsiyyətə çevirmişdir.
Hazırda Ədalət Əsgərov Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri kimi ölkəmizdə ağsaqqallıq institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə ötürülməsi işini uğurla həyata keçirir. Onun rəhbərliyi ilə rayonun ağsaqqalları cəmiyyətin ictimai həyatında fəal iştirak edir, əxlaq və vətənpərvərlik mövzusunda maarifləndirici təşəbbüslərlə çıxış edir, yerli gənclərlə mütəmadi görüşlər keçirir və dəyərli məsləhətlərilə ictimai sabitliyə və mənəvi inkişafımıza öz sanballı töhfələrini verirlər. Ədalət müəllimin müdrikliyi, ədalətli mövqeyi, insanlara sadə və səmimi münasibəti, zəngin həyat təcrübəsi və vətəndaşlıq nümunəsi bu gün gənc nəsil üçün əsl örnəkdir.
Bu əlamətdar gündə daim xalqımıza və dövlətimizə dəyərli xidmətlər göstərən alicənab şəxsiyyət, müdrik ağsaqqal, gözəl insan Ədalət Əsgərovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq! Əminik ki, Ədalət müəllimin xalqımıza və doğma Cəlilabad rayonuna xidməti gələcək illərdə də eyni fədakarlıqla və yüksək mənəvi məsuliyyət hissi ilə davam edəcəkdir.
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV