70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi gündəmdə idi. Çünki keçmiş SSRİ konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Məhz belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. O dövr üçün milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirə bilmirdilər.
Bunu sözləri Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, amma bütün bu məhrumiyyətlərə və çətinliklərə baxmayaraq Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi, bütün süni məhdudiyyətlərə rəğmən ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər eedib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olduqca böyükdür. Məhz bunun nəticəsində 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında dövlət dili Azərbaycan dili kimi qəbul edilib. Yenidən öz müstəqilliyini bərpa edən Azərbaycanın 1995-ci ildə Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bu sözsüz ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində böyük uzaqgörənliklə Azərbaycan dilini qoruması və onun tarixi sınaqlardan çıxararaq müstəqil dövlətin əsas atributu kimi bu günümüzə qədər qorunması mühüm tarixi xidmət və misilsiz dəyər hesab edilir”.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı var: “Bu Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Eyni zamanda Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycanda dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır”.
Eldar Quliyev vurğulayıb ki, “Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı bu mənada mühüm önəm kəsb edir: “Həmin Sərəncama əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanması xalqın öz tarixini, ədəbiyyattını və digər dəyərli mənbələri məhz öz ana dilində müasir gəncliyin istifadə edəcəyi bir tərzdə təqdimatı vacib idi. Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, təbliğ edilməsi baxımıdan imzalamış olduğu Fərman və Sərəncamları ana dilimizin inkişafına öz mahiyyətini saxlamasına xidmət edən başlıca addımlardır. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Bütün bu addımlar Azərbaycan xalqıının ona məxsus olan dəyərlərə necə sahib çıxmasını göstərən mühüm amillərdir”.