Xəbərlər

Region gəncləri ilə maarifləndirici görüş keçirilmişdir

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyevin iştirakı ilə 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Lənkəran regional “ASAN xidmət” Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində region gəncləri ilə maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən İbrahim Quliyev görüş zamanı Konstitusiyamızın mahiyyəti, insan və vətəndaş hüquq və azadlıqları, hüquqi dövlət quruculuğu kimi aktual mövzularda çıxış etmiş, eləcə də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafındakı rolundan bəhs etmişdir. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsini və bu sahədə geniş fəaliyyət proqramının həyata keçirilməsini Ümummilli Liderin gənclərə böyük qayğısının sübutu kimi dəyərləndirmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə ayrılan böyük diqqətin nəticəsidir. İbrahim Quliyev çıxışı zamanı xüsusi olaraq qeyd edib ki, təmsil olunduğu Azərbaycan Ağsaqqallar Şurasının üzvləri gənclərimizin maariflənməsi, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi tərbiyə almaları və daha parlaq gələcəyə malik olmaları üçün əllərindən gələni əsirgəmir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində yaxından iştirak edir, gənc nəslin milli-mənəvi ruhda böyüməsində əhəmiyyətli rol oynayırlar. Görüş zamanı, həmçinin, geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

Tədbirdə Bakı, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Lənkərandan olan gənclər iştirak etmiş, həmrəy və fəal şəkildə müzakirələrə qoşulmuşlar. Görüş interaktiv formatda keçmiş, gənclərin biliklərinin artırılması və analitik düşüncə tərzinin formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.