Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurası üzvlərinin deputatla görüşü keçirilib

Sumqayıt Şəhər Ağsaqqallar Şurası üzvlərinin Milli Məclisin deputatı Səbinə Salmanova ilə görüşü keçirilb.

Görüş zamanı Səbinə Salmanova iştirakçılara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində üçtərəfli Vaşinqton görüşü və həmin görüşün nəticəsi olaraq imzalanmış Birgə Bəyannamə və digər razılaşmalar haqqında ətraflı məlumat verib. Bildirib ki, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun gələcəyi üçün mühüm tarixi əhəmiyyət daşıyır: “Vaşinqtonda qəbul olunmuş Birgə Bəyannamə təkcə sülh çağırışı deyil, həm də Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqların beynəlxalq hüquqi sənədlə təsdiqidir. Bu sənədin əsasını Prezident İlham Əliyevin uzaqgörən liderliyi, prinsipial siyasi mövqeyi və milli maraqları hər zaman üstün tutan fəaliyyət xətti təşkil edir. Azərbaycan təkcə 44 günlük Vətən müharibəsində deyil, həm də diplomatik müstəvidə qalib gəlib. Prezident İlham Əliyev hərbi zəfəri siyasi və hüquqi üstünlüklə tamamlayaraq regionda davamlı sülhün əsasını qoyub”. Deputat, həmçinin, qeyd edib ki, Birgə Bəyannamədə yer alan ən mühüm müddəalardan olan Azərbaycanla Naxçıvan arasında quru yolu ilə nəqliyyat əlaqəsinin qurulması, Zəngəzur dəhlizinin açılmasıdır. ABŞ səfərinin mühüm nəticələrindən biri də Prezident Donald Trampın “Azadlığı Müdafiə Aktı”na edilmiş 907-ci düzəlişin icrasını dayandıran sənədi imzalaması olub.

Görüşdə çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev və digər natiqlər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ səfəsinin nəticələrini yüksək dəyərləndiriblər. Qeyd ediblər ki, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə əldə etdiyi uğurlar xalqın birliyi və dövlət başçısına olan yüksək etimadın sayəsində mümkün olub.

Səmimi dialoq mühitində keçirilən görüşdə iştirakçılar tərəfindən müxtəlif məsələlərlə bağlı suallar və təkliflər səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.