Sumqayıt Şəhər Ağsaqqallar Şurasının üzvləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Sumqayıtdan seçilmiş millət vəkili, professor Hicran Hüseynova ilə görüşdə iştirak ediblər.
Tədbirdə yubilyarla yanaşı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Hicran Hüseynovanı 70 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Şəhər rəhbəri çıxışında Hicran Hüseynovanın ölkəmizdə ailə, qadın və uşaq siyasətinin formalaşmasında, eləcə də qadınların ictimai-siyasi həyata cəlb olunmasında, həmçinin yubilyarın elmi və ictimai sahədəki xidmətlərini yüksək qiymətləndirdiyini bildirib. Zakir Fərəcov vurğulayıb ki, dövlət başçısının təqdim etdiyi ali mükafat millət vəkilinin uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətin, dövlətə və xalqa xidmətinin dəyərləndirilməsinin bariz göstəricisidir. Şəhər rəhbəri Hicran Hüseynovaya möhkəm cansağlığı, uzun ömür və gələcək işlərində uğurlar arzulayıb.
Sonra tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev və digər natiqlər Hicran Hüseynovanın səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi həyatındakı dəyərli xidmətlərindən bəhs edərək onun həyata keçirdiyi işləri yüksək dəyərləndiriblər və yubilyarı təbrik edərək ona gələcək fəaliyyətində davamlı nailiyyətlər diləyiblər.
Öz növbəsində Hicran Hüseynova göstərilən diqqət və təbriklərə görə hər kəsə təşəkkür edib, ölkəmizdə ailə və qadın siyasətini inkişaf etdirmək, eləcə də seçicilərinin etimadını doğrultmaq istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini qeyd edib. Göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Daha sonra Sumqayıt ictimaiyyəti adından Hicran Hüseynovaya hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova VI çağırış Milli Məclisin deputatı seçilib. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova 12 avqust 2015-ci ildə “Şöhrət” ordeni, 12 avqust 2025-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sumqayıt ağsaqqalları deputatın yubiley tədbirində iştirak ediblər
- 20-08-2025
- [11:15]
- []
20
Avq







