Xəbərlər, Təbriklər

ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ – 76

Avqust ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, görkəmli din xadimi, müdrik ağsaqqal, alicənab insan Şeyxülislam Allahşükür Paşazadənin 76 yaşı tamam olur.

Böyük mənəvi irsə, dərin elmi və dini biliyə malik olan bir şəxsiyyət kimi Şeyxülislam Allahşükür Paşazadənin ömür yolu xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, İslam aləmində sülh, qardaşlıq və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizdə tolerantlıq və multikultural dəyərlərin inkişafı baxımından əvəzsiz xidmətlərlə zəngindir. Daim dövlətimizin və xalqımızın maraqlarını uca tutan, cəmiyyətimizdə öz şərəfli missiyasını uğurla həyata keçirən hörmətli Şeyximizin çoxşaxəli fəaliyyəti ölkəmizin ictimai-siyasi, mənəvi və dini həyatında xüsusi əhəmiyyət kəsb edir. Onun Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına hər zaman sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə də sülh naminə atdığı böyük addımlar və göstərdiyi digər fədakarlıqlar həm ölkə daxilində, həm də beynəlxalq miqyasda dərin ehtiramla qarşılanır.

Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanınmasında, dinlərarası və sivilizasiyalararası dialoqun güclənməsində Şeyxülislam Allahşükür Paşazadənin müdrik rəhbərliyi və qətiyyətli mövqeyi hər zaman mühüm rol oynamışdır. O, İslam dünyasında böyük nüfuza malik dini lider olaraq sülhün, sabitliyin və qarşılıqlı hörmətin təbliğinə əhəmiyyətli töhfələr vermişdir. Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı gərgin fəaliyyət göstərməklə yanaşı, dini həmrəylik prinsipindən çıxış edərək dünyanın bir çox bölgələrində müsəlmanların başına gətirilən əzab-əziyyətlərə daim öz etiraz səsini ucaltmışdır. Müqəddəs Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda həyata keçirdiyi fəaliyyətdə öz əksini tapmışdır.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq Şeyxülislam Allahşükür Paşazadə hazırda müdrik ağsaqqal və vətənpərvər ziyalı kimi xalqımızın həyatında, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanılmasında və bu dəyərlərimizin gənclər arasında təbliğ edilməsində əhəmiyyətli rol oynayır. Cəmiyyətimizdə mənəvi-əxlaqi dəyərlərin təbliğ edilməsinə, sülh və ədalət ideyalarının formalaşmasına, gənc nəslin vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə, mütərəqqi milli və dini adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə böyük töhfələr verir. Azərbaycan xalqı və dövləti tərəfindən xidmətləri hər zaman yüksək dəyərləndirilən Şeyxülislam həzrətləri bir çox ali mükafatlarla, eləcə də “Şöhrət”, “Şərəf”, ”İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif edilmişdir.

Bu əlamətdar gündə həyat və fəaliyyəti Vətənimizə, xalqımıza, dövlətimizə və İslam dininə sədaqətli xidmət nümunəsi olan Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini şərəfli ömrünün 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, ona Allahdan bərəkətli, uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi naminə dəyərli fəaliyyətində yeni-yeni uğurlar, daim yüksək əhval-ruhiyyə və əmin-amanlıq arzulayırıq!

Uca Yaradanın rəhməti və mərhəməti hörmətli Şeyximizin üzərindən heç zaman əskik olmasın!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə

Heyətinin üzvləri adından Şuranın sədri,

millət vəkili, professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.