Xəbərlər

Şəki Rayon Ağsaqqallar Şurası dini qurumlarla birlikdə maarifləndirici tədbir keçirib

Şəki Rayon Ağsaqqallar Şurasının sədri, Qarabağ müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon üzrə sədr müavini, ehtiyatda olan zabit Vaqif  Əhmədovun təşəbbüsü ilə  “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ağsaqqalları regionun ruhani və dini qurumları, eləcə də mömin və imanlı insanları ilə birlikdə rayonun Xan məscidində marifləndirici görüş keçiriblər. Tədbirdə Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədovla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz regionunun qazisi Hacı Kamran Məmmədov, Şəki Rayon İcra Hakimiyyətinin məsul işçisi Sadiq Yusifov, ağsaqqallar, ziyalılar, dini qurumların əməkdaşları, ruhanilər, mədrəsə müəllimləri və dini təhsil alan gənclərimiz, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbirdə çıxış edən Vaqif  Əhmədov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına tarixi əhəmiyyətə malik səfərini və orada əldə etdiyi möhtəşəm naliyyətləri yüksək dəyərləndirmiş, tədbir iştirakçıları və Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri adından  nüfuzlu uzaqgörən, qətiyyətli, müdrik ölkə rəhbərimizə bir daha dərin minnətdarlığını bildirmişdir. Vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  ABŞ-yə həyata keçirilən səfər ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi,milli maraqlarımızın qətiyyətlə müdafiəsi və yeni strateji tərəfdaşlığın qurulması baxımından  əlamətdar hadisə kimi tarixə düşmüşdür. Bu böyük uğurların bütün Azərbaycan xalqı kimi, Şəki rayonunun ağsaqqalları üçün də sonsuz fəxr və qürur mənbəyi olduğunu diqqətə çatdırmışdır. Görüş zamanı Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov Konstitusiyamızın mahiyyəti, vətəndaş hüquqları, həmçinin vicdan azadlıqları, hüquqi dövlət quruculuğu və onun inkişafı kimi aktual mövzulardan da söz açmış, eləcə də Suverenliyimizin və Qələbənin 5-ci ildönümü haqqında ətraflı çıxış etmişdir. Eyni zamanda, dövlət və din münasibətlərində dinin siyasətə qarışmasının yolverilməzliyindən, dini radikalizmdən, bu sahədə xalq arasında geniş marifləndirmənin vacib olmasından bəhs etmiş və ağsaqqalların qeyd olunan sahədə apardıqları işləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri cəmiyyətimizdə gedən mütərəqqi prosesləri, ölkəmizin, dövlətimizin, xalqımızın xeyrinə olan bütün ciddi dəyişikləri dəstəkləyir və təbliğ edir. Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda  vətənpərvər gəncliyin yetişməsində yaxından iştirak edir, gələcək nəslin milli-mənəvi ruhda böyüməsi üçün əhəmiyyətli tədbirlərin həyata keçirilməsində əllərindən gələni əsirgəmirlər.
Tədbirdə çıxış edən digər natiqlər də milli-mənəvi və dini dəyərlərimizin qorunmasından və gələcək nəslə çatdırılmasından ətraflı bəhs etmişlər. Vurğulamışlar ki, ölkəmizdə yeni məscidlər tikilir və təmir edilir, xüsusilə işğaldan azad olunmuş torpaqlarımızda – Şuşa səhərində məşhur Gövhərağa məscidi, Ağdam məscidi dövlətimiz tərəfindən bərpa edilir və digər lazımi işlər həyata keçirilir. Bu gün hər kəs, o cümlədən ağsaqqallar, din xadimləri,  ziyalılar və gənclər  dövlətimizin tərəqqisi üçün var qüvvəsi ilə çalışmalı, eləcə də mənəvi dəyərlərimizi inkişaf etdirməli, onun keşiyində durmalı,Vətənimizi, dövlətimizi hər şeydən uca tutmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.