11 sentyabr 2025-ci il tarixdə Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyi Nizami rayon Bələdiyyəsinin inzibati binasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovun müəllifi olduqları “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Mərasimdə digər tədbir iştirakçıları ilə yanaşı, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və Şura üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov “Qərbi Azərbaycan İrsi” kitabının I cildindən bəhs edərək ətraflı məlumat verib. Qərbi Azərbaycan İcmasının şöbə müdiri Faiq Kərimov isə çıxışında bildirib ki, kitab təkcə faktların toplusu deyil, həm də milli kimliyimizin qorunması və tarixi yaddaşımızın gələcək nəsillərə ötürülməsi baxımından mühüm mənbədir.
Təqdimat mərasimində çıxış edən Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən, bu siyasət nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma torpaqlarından didərgin salınmalarından, qətl və kütləvi qırğınlara məruz qalmalarından, eləcə də xalqımıza məxsus çoxsaylı tarixi-mədəni abidələrin və yaşayış məskənlərinin dağıdılmasından bəhs edib. “Qərbi Azərbaycan İrsi” kitabının əhəmiyyətini vurğulayaraq bildirib ki, bu nəşr tarixi ədalətin bərpası ilə yanaşı, gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa da xidmət edir. Natiq, həmçinin, əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti sayəsində soydaşlarımız doğma Qərbi Azərbaycan torpaqlarına qayıdacaqlar.
Daha sonra çıxış edən digər natiqlər – Nizami rayon Bələdiyyəsinin sədri Vüqar Quliyev və sədr müavini Yeganə Abbasova, professor Fəxrəddin Əliyev, Vedi rayon Xalisa kənd icmasının sədri Yəhya Səfərov, Vedi rayon Şidli kənd icmasının sədri Zeynal Həsənov, Bakı 8 saylı Mediasiya təşkilatının direktoru Mayıl Əhmədli, hüquqşünas Natəvan Muradova, ziyalılar Siyavuş Əsgərov, Eldar Qafarov, dosent Dürdanə Hümbətova və Kimya-biologiya gimnaziyasının tərbiyəçi müəllimi Minarə Əhmədbəyli nəşrin ictimai hesabatlılıq və milli kimliyin qorunması baxımından vacib olduğunu qeyd ediblər. Bildiriblər ki, kitabda əks olunan faktlar azərbaycanlıların yaddaşına, mənəviyyatına və tarixinə vurulan zərbələri əks etdirir.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Nizami Rayon Ağsaqqallar Şurasının üzvləri “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimində iştirak ediblər
- 12-09-2025
- [10:54]
- []
12
Sen




