Xəbərlər, Təbriklər

TAHİR SÜLEYMANOV – 77

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, görkəmli ictimai-siyasi xadim, müdrik ağsaqqal, təvazökar və yüksək mənəviyyata malik etibarlı dost, alicənab insan Tahir Süleymanovun 77 yaşı tamam olur.

Ömrünün hər mərhələsində yüksək vətəndaş məsuliyyəti, təmkin və fədakarlıq nümayiş etdirən Tahir Süleymanov ölkəmizin ictimai-siyasi həyatında xüsusi çəkisi olan, nüfuzlu və müdrik bir ağsaqqal kimi tanınır. Dərin bilikləri, müdrik baxışları, cəmiyyətə və dövlətə sadiq xidmətləri dəyərli həmkarımızı xalqımız arasında böyük hörmət və nüfuz sahibi etmişdir. Uzun illər ərzində çalışdığı hər bir vəzifədə prinsipial mövqeyi, yüksək idarəçilik bacarığı və dərin məsuliyyət hissi ona daim etimad qazandırmış, bütün tapşırıqları ləyaqətlə və uğurla yerinə yetirməyə imkan yaratmışdır.

Tahir Süleymanov Azərbaycan Respublikasının Milli Məclisində ardıcıl dörd çağırış deputat kimi nümayiş etdirdiyi uğurlu fəaliyyəti zamanı həm qanunvericilik təşəbbüslərində, həm də beynəlxalq parlament əməkdaşlığı sahəsində fəallığı ilə seçilmişdir. Aqrar siyasət komitəsinin fəaliyyətində yaxından aktiv iştirakı ilə yanaşı, bir çox ölkələrlə parlamentlərarası əlaqələrin inkişafında və Azərbaycanın beynəlxalq müstəvidə maraqlarının qorunmasında da əhəmiyyətli rol oynamışdır. NATO və MDB Parlament Assambleyalarındakı iştirakı, Belarus, Bəhreyn, Çin, İsrail, Türkiyə, Qazaxıstan və digər ölkələrlə işçi qruplarındakı səmərəli fəaliyyəti ilə ölkəmizin diplomatik və parlament əlaqələrinin möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Eyni zamanda, xalqımızın mənəvi və milli dəyərlərinə bağlılığı, xeyirxah əməlləri və humanist mövqeyi onu ictimaiyyət arasında xüsusi rəğbətlə sevilən bir şəxsiyyətə çevirmişdir. Tahir Süleymanovun ictimai həyatdakı nüfuzunu və təcrübəsini bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi gənc nəslin tərbiyəsinə, milli-mənəvi dəyərlərin təbliğinə və vətəndaş cəmiyyətinin inkişafına yönəltməyi təqdirəlayiqdir. Şuranın sədr müavini olaraq nəzarət etdiyi şəhər və rayonlardakı ağsaqqallar təşkilatlarının fəaliyyətini gücləndirmək istiqamətində atdığı addımlar, dövlətə və dövlətçiliyə sədaqəti bu gün də örnək səviyyəsində davam edir. Dövlətimiz tərəfindən “Şöhrət” ordeni, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, həmçinin “Fəxri Ağsaqqal” döş nişanı, müxtəlif beynəlxalq mükafatlar və diplomlarla təltif olunmağı məhz bütün bu yüksək xidmətlərinin dəyərləndirilməsinin təzahürüdür.

Tahir Süleymanov həm də gözəl ailə başçısı, nümunəvi ata, müdrik valideyndir. Onun ailə dəyərlərinə verdiyi önəm və yetişdirdiyi övladları – xüsusilə Milli Məclisin deputatı Mahir Süleymanovun timsalında formalaşan vətənpərvər, bilikli və ləyaqətli gənc nəslin uğurlarının əsasında onun dəyərli zəhməti və tərbiyə məktəbi dayanır.

Bu əlamətdar gündə Tahir Süleymanovu – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, vətənpərvər ictimai-siyasi xadimi, gözəl insanı şərəfli həyatının 77-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoş günlər və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                                                                   Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.