Xəbərlər

Balakən Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib

Oktyabr ayının 1-də Balakən Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: regional inkişaf və milli birlik konteksində” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları,  şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi yaddaşın qorunması, dövlətçiliyin gücləndirilməsi və milli kimliyin möhkəmləndirilməsi üçün önəmli addımdır. Ölkəmizin əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra əldə etdiyini vurğulayan natiq  respublikamızın sonrakı inkişaf prosesindən bəhs edib. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbuluna səs verdiyini, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən və 1 günlük anti-terror tədbirlərindən sonra suverenliyimizin tam bərpa olunduğunu qeyd edib. Vurğulayıb ki, milli birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bizim ən ümdə vəzifələrimizdən biridir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin  və öz adından tədbir iştirakçılarını salamlayıb və növbəti dəfə Balakəndə ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizin, eləcə də Balakən rayonunun bütün ahıl vətəndaşlarını, o cümlədən ahıl yaşda olan ağsaqqalları səmimi-qəlbdən təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, xalqımızın tərəqqisi naminə gərəkli və şərəfli ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Konfransın çox aktual bir mövzuya həsr olunduğunu qeyd edən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını strateji məna daşıyan tarixi qərar adlandıraraq bildirib ki, bu qərar  Azərbaycan dövlətçiliyinin ən əhəmiyyətli iki əsasının – 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi ilə bağlıdır. Hər iki hadisə ölkəmizin siyasi, hüquqi və ideoloji cəhətdən formalaşmasında, inkişafında, eləcə də milli birliyimizin möhkəmləndirilməsində  həlledici rol oynayıb. O, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının banisi olan Ümummilli Lider Heydər Əliyevin müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin tam bərpası yoluna işıq saçan ideya mayakı kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb. Öz nitqində Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən də bəhs edən Vahid Novruzov bildirib ki, ağsaqqallar, həmçinin, Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin vətəndaşlarımız arasında geniş təbliğ edilməsinə, dövlət başçısının müvafiq fərman, sərəncam və göstərişlərindən irəli gələn vəzifələrin həyata keçirilməsinə hər zaman  öz layiqli töhfələrini verirlər. Bu baxımdan möhtərəm Prezidentimiz tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə görülən işlərdə və həyata keçirilən tədbirlərdə də Azərbaycan Ağsaqqallar Şurasının üzvləri  yaxından iştirak edirlər. Natiq Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü ilə əlamətdar olan 2025-ci ildə – “Konstitusiya və Suverenlik İli”ndə bu mühüm tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəslə çatdırılması məqsədilə tədbirlərin, görüşlərin, müxtəlif layihələrin daha geniş və effektiv şəkildə həyata keçirilməsi üçün Azərbaycan  Ağsaqqallar Şurası tərəfindən “Konstitusiya və suverenlik: milli məfkurənin qoruyucusu kimi” mövzusunda metodik material hazırlandığını vurğulayıb. 24 səhifədən ibarət bu metodik materialın istifadə üçün  Azərbaycan  Ağsaqqallar Şurasının bütün yerli təşkilatlarına təqdim olunduğunu qeyd edib.

Daha sonra konfransda çıxış edən şəhid anası Zümrüd Məmmədova, Vətən müharibəsi qazisi Hacı Muradov və Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu ildönümünün artıq 5 ildir ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş dövlətimizdə qeyd edilməsini ən böyük tarixi nailiyyət adlandırıblar. Bu il çərçivəsində həyata keçirilən uğurlu siyasətin ölkəmizin dayanıqlı inkişafını artırdığını qeyd edən natiqlər əminliklə bildiriblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti dövrdə də Azərbaycanın demokratik və hüquqi dövlət quruluşu daha da möhkəmləndiriləcək və ölkəmizin beynəlxalq aləmdə nüfuzu və rolu artacaqdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.