1 oktyabr 2025-ci il tarixində Nəsimi Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin təşkilatcılığı ilə Ahıllar Gününə həsr olunmuş geniş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Rayon İcra Hakimiyəti başçısınn səlahiyyətlərini icra edən Zahid Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Rayon İcra Hakimiyyəti başçısının birinci muavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, rayon ağsaqqalları, ziyalıları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışıb. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunmasından, döyüşçülərimizin şücaətindən geniş bəhs edib. Daha sonra natiq bildirib ki, BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu əlamətdar günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır. Vaqif Şadlinski qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi ölkəmizdə 1993-cü ildən hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi yüksək səviyyədə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin ciddi səyləri və təşəbbüsü ilə 2001-ci ildə “Ahıllara Sosial Xidmət’’ haqqında Azərbaycan Respublikasının qanunu da qəbul olunmuşdur və bütün bunlar ahıl insanlara qayğının bariz nümunəsidir. Natiq, həmçinin, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirlən sosial siyəsətin əsas istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən-ilə gücləndirilməsidir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb və bu gün də atılmaqdadır. Professor Vaqif Şadlinski çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının və Nəsimi Rayon İcra Hakmiyyətinin rayon ağsaqqallarına göstərdiyi böyük hörməti, diqqət və qayğını xüsusi vurğulayıb və təşəkkürünü bildirib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısnın səlahiyyətlərini icra edən Zahid Xəlilov çıxış edərək bildirib ki, biz yaşlı nəslə ehtiram və qayğının nümunəsini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman yaşlı insanların qayğısına qalır, onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirirlər. Nəsimi Rayon İcra Hakmiyyəti də, öz növbəsində, rayon ağsaqqallarına müntəzəm diqqət və qayğı göstərir. Rayon Ağsaqqallar Şurası RİH ilə birgə rayonun bir çox tədbirlərində yaxından iştirak edir.
Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirdə iştirak edənləri salamlayaraq, Ahıllar Günü münasibətilə onlara xoş arzularını çatdırmış və bildirmişdir ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas prioritetlərdəndir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev öz çıxışında bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın dünyada alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqncə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatə olunublar.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyəti üzvlərinin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə hər zaman ölkəmizdə ahıllara, yaşlı nəslə, o cümlədən ağsaqqallara xüsusi diqqət və qayğı göstərilib. Təsadüfi deyil ki, Ümummilli Liderimiz ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmış, onlara daim öz dərin ehtiramını ifadə etmişdir. Bu siyasi kurs, bu nəcib missiya hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkəmizdə ahıl vətəndaşların maddi və mənəvi tələbatlarının tam ödənilməsi, onların sosial problemlərinin öyrənilməsi və həll edilməsi, o cümlədən cəmiyyətə inteqrasiyaları istiqamətində müntəzəm effektiv işlər həyata keçirilir, təqaüd və müavinətləri mütəmadi surətdə artırılır və bu sahədə bir çox digər zəruri tədbirlər həyata keçirilir. Bir sözlə bu gün ahıllarımız dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar və bu qayğı davamlı şəkildə artır.
Tədbirdə, həmçinin, professorlar İmamverdi Həmidov, Qalib Qarayev və başqaları çıxış edərək mill birlikdən, gənclərin maariflənməsində ağsaqqal nüfuzundan istifadənin zəruriliyindən, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakının əhəmiyyətindən bəhs ediblər.
Çay süfrəsi arxasında davam edən tədbir səmimi fikir mübadiləsi şəraitində davam etdirilib.
Nəsimi Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib
- 02-10-2025
- [16:45]
- [ ]

02
Okt