9 oktyabr 2025-ci il tarixində Şəkidə Ağsaqqallar Şurasının üzvləri şəhid valideynləri, rayonun idarə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun anım günü ilə əlaqədar məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə tər güllər düzərək xatirəsini ehtiramla anıblar.
Anım mərasimində çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov şəhidin ailəsinə səbr diləyərək belə mərd, vətənpərvər və igid oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarından söz açan natiq tarixi Zəfərin əldə olunmasında canından keçən bütün Vətən övladlarının xatirəsinin ədəbi yaşayacağını vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan bəhs edərək, Şəkidə də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, Məmmədov Əlihüseyn Elşad oğlu 24 yanvar 1998-ci il tarixində Bakı şəhərində anadan olub. 2015-ci ildə Şəki şəhəri 18 saylı məktəbi bitirib. 2016-cı ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin istilik energetikası mühəndisliyi fakültəsinə daxil olan Əlihüseyn Məmmədov 2020-ci ildə həmin fakültəni bitirərək mühəndis ixtisasına yiyələnib. 2020-ci il iyul ayının 7-də hərbi xidmətə yollanan Əlihüseyn Məmmədov qısa müddət ərzində öz nizam-intizamı ilə fərqlənib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edən Əlihüseyn Məmmədov oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Məmmədov Əlihüseyn Elşad oğlu ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!