Oktyabr ayının 16-da Yardımlı Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, YAP Yardımlı rayon Təşkilatının sədri Anar Alışov, Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, eləcə də ağsaqqallar, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və digər tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi yaddaşın qorunması, dövlətçiliyin gücləndirilməsi və milli kimliyin möhkəmləndirilməsi üçün önəmli addımdır. O qeyd edib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının milli Konstitusiyasının əsas qayəsini hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təsbit olunması və müdafiəsi təşkil edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsinin rəmzi məna daşıdığını deyən Ayaz Əsgərov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbənin qazanıldığını və 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb, növbəti dəfə Yardımlıda ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. Konfransın çox aktual bir mövzuya həsr olunduğunu qeyd edən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını strateji məna daşıyan tarixi qərar adlandıraraq bildirib ki, bu qərar Azərbaycan dövlətçiliyinin ən əhəmiyyətli iki əsasının, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi ilə bağlıdır. Hər iki hadisə ölkəmizin siyasi, hüquqi və ideoloji cəhətdən formalaşmasında, inkişafında, eləcə də milli birliyimizin möhkəmləndirilməsində həlledici rol oynayıb. Öz nitqində Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən də bəhs edən Abel Məhərrəmov bildirib ki, ağsaqqallar Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin vətəndaşlarımız arasında geniş təbliğ edilməsinə, dövlət başçısının müvafiq fərman, sərəncam və göstərişlərindən irəli gələn vəzifələrin həyata keçirilməsinə hər zaman öz layiqli töhfələrini verirlər. Çıxışının sonunda natiq ağsaqqallara, eləcə də bütün tədbir iştirakçılarına möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda çıxış edən Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və digər natiqlər vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirərək müstəqil Azərbaycanın suverenliyini daha da möhkəmləndirmiş, dövlətin iqtisadi və hərbi qüdrətini artırmış, xalqın rifahını yüksəltmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar və qətiyyətli siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi olan, regional və qlobal miqyasda nüfuzlu bir dövlətə çevrilmişdir.
Tədbirin sonunda Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşov səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı və Rayon İcra Hakimiyyətinin Təşəkkürnaməsi ilə təltif olunub. Həmçinin Lerik Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, 90 yaşlı Hidayət Bəşirov və Masallı Rayon Ağsaqqallar Şurasının üzvü, təşkilatın şəhər üzrə nümayəndəsi Fəxrəddin Talıbzadə uzunmüddətli aktiv fəaliyyətlərinə görə Şuranın Fəxri Fərmanlarına layiq görülüblər.