Oktyabr ayının 16-da Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol” mövzusunda regional konfrans keçirib.
Regional konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının rəhbər şəxsləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, o cümlədən kolleclərin müəllim və tələbələri iştirak ediblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. Natiq, həmçinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidimizi ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb.
Sonra regional konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədri Eyvaz Hüseynov və başqaları bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda müstəqilliyimizin bərpasından, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı bəhs ediblər.
Tədbirdə, həmçinin, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Əməkdar müəllim Həsənbala Sadıqovun “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün təminatçısıdır” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov çıxış edərək tarixi şəhərimiz olan Gəncədə, doğma məkanda, Azərbaycan Dövlət Aqrar Universitetində yenidən ağsaqqallar, ziyalılar və gənclərlə görüşdən məmnun olduğunu bildirib. Konfrans iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb, hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində qüdrətli ölkəyə çevrilib. Bayram Yusifov, həmçinin, 2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi və həmin gündən 22 il ötdüyünü xatırladıb. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki belə müdrik və güclü Prezidentimiz var. Əminik ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə biz – qalib dövlətin qürurlu vətəndaşları bundan sonra da Azərbaycanın davamlı olaraq qazanacağı qələbələrə, nailiyyətlərə şahidlik edəcəyik. Natiq çıxışının sonunda tədbir iştirakçılarına möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayaraq vurğulayıb ki, bu gün hər birimiz, eləcə də biz ağsaqqallar dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli, müstəqilliyizi qorumaq, daha da möhkəmləndirmək, Azərbaycanı iqtisadi, mədəni, elmi və digər sahələrdə daha da inkişaf etdirmək üçün əlimizdən gələni əsirgəməməliyik.
Konfransda Bayram Yusifov bu günlərdə 88 yaşı tamam olmuş və uzunmüddətli səmərəli fəaliyyətinə, dəyərli xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilmiş Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədova döş nişanını təqdim edib. Onu Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla bütün ağsaqqallar adından təbrik edib, sağlam və uzun ömür, yüksək fəaliyyət əzmi arzulayıb. Tədbirdə, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini, 1-ci dərəcəli dövlət qulluqçusu Zabit Xəlilov və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev təşkilatın işində göstərdikləri aktiv fəaliyyətə görə Fəxri Fərmanlarla təltif olunublar.
Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq və Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib
- 17-10-2025
- [15:28]
- [ ]

17
Okt