Xəbərlər

Şəhid Aşur Həsənbalayevin xatirəsi anılıb

Oktyabr ayının 28-də Abşeron rayonunun Qobu qəsəbəsinin Şəhidlər Kompleksində Qəsəbə Ağsaqqallar Şurasının təşkilatçılığı, eləcə də Uşaq İncəsənət məktəbinin,1, 2 və 3 saylı tam orta məktəblərin, həmçinin Mədəniyyət evinin dəstəyi ilə I Qarabağ müharibəsinin şəhidi Aşur Həsənbalayevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə millət vəkili Nigar Məmmədova, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları və qəsəbə ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qəsəbə Cümə məscidinin axundu Kərbəlayı Əlihüseyn Hacı Xaspolad oğlu şəhidlərimizin ruhuna dua oxuduqdan sonra çıxış edən millət vəkili Nigar  Məmmədova  müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin, eləcə də Birinci Qarabağ müharibəsinin şəhidi Aşur Həsənbalayevin qəhrəmanlıqlarından söz açıb. Vurğulayıb ki, bütün şəhidlərimizin, o cümlədən zəngin döyüş yolu ilə yaddaşlarda silinməz iz buraxan şəhid Aşur Həsənbalayevin əziz xatirəsi heç zaman unudulmayacaq.
Uzun illər Q.Xalıqov adına 1 saylı qəsəbə tam orta məktəbin direktoru işləmiş,  Əməkdar müəllim Cəbrayıl Cəfərquliyev qürurla bildirib ki, Qobunun bir çox şəhidi kimi, Aşur Həsənbalayev də bizim məktəbin yetirməsidir.
Qəsəbə Ağsaqqallar Şurasının sədri Ədalət Ağayev isə öz çıxışı zamanı babası Aşur Həsənbala oğlunu xatırlayıb və şəhid Aşur Həsənbalayevin babasının adını layiqincə daşıdığını bildirib.
I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan daxili xidmət polkovnik-leytenantı Ramiz Məmmədov Azərbaycan xalqının, eləcə də bugünkü gənc nəslin qəhrəmanlıqlarından, şəhidlərimizin və qazilərimizin şücaətlərindən ətraflı danışıb. Dövlətimizin və xalqımızın hər zaman şəhid ailələrinin üzvlərinə və qazilərə yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.
Anım mərasimində, həmçinin, “Qobu” qəzetinin baş redaktoru Məmmədağa Ağarzaoğlu tərəfindən şəhid Aşur Həsənbalayevin anası Zərifə xanımın həm də şəhid bacısı olduğu qeyd edilib.
Daha sonra tədbirdə məktəblilər şeirlər səsləndirib və vətənpərvərlik mahnıları ifa ediblər.
Sonda şəhid Aşur Həsənbalayevin valideynləri  Kərimağa Həsənbalayev və Zərifə Həsənbalayeva mərasim iştirakçılarına minnətdarlıqlarını bildirərək bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyiblər.
Qeyd edək ki, 1974-cü il yanvar ayının 20-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olan Aşur Həsənbalayev 1992-ci il oktyabr ayının 28-də Ağdam rayonu ərazisində Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə qovuşub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.