Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə oktyabrın 29-da Bakıda rəsmi qəbul təşkil edilib.
Rəsmi qəbulda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Şamil Ayrım, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycan Respublikası Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının rəhbər şəxsləri – Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – professor Eldar İbrahimov, Bayram Yusifov, professor Vahid Novruzov, Şuranın İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professor Şəmsəddin Hacıyev, professor İbrahim Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, şöbə müdiri Elşad Quliyev, həmçinin Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, mədəniyyət və incəsənət xadimləri, media subyektlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün tərəfindən oxunub.
Birol Akgün bildirib ki, dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir. Onun sözlərinə görə Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu fikri ən gözəl şəkildə ifadə edir: “Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik. Tariximizin dərinliklərindən gələn dəyərlərdən, ilham və cəsarətdən güc alaraq, “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək”, – deyə səfir vurğulayıb. O, həmçinin, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan yumruq kimi birləşərək işğal altındakı torpaqlarını azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu: “Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb. Bölgədə davamlı sülhün təmin olunması, bərpa və inkişafın başlanması, eləcə də qlobal sabitliyin və rifahın artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Ona görə də qalıcı sülhün təmin olunması hamımızın ən vacib məqsədidir”.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova isə öz çıxışında bildirib ki, müasir dövrün görkəmli siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Qardaş Türkiyə yeni beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olmaqla, müstəqil və çoxvektorlu xarici siyasəti vasitəsilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir. O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib: “Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir”. Sahibə Qafarova, həmçinin, bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq və bu gün Türkiyə Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır.
Rəsmi qəbul konsert proqramı ilə davam edib.
Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edən Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan jurnalistlərə açıqlamasında bildirib: “Qardaş Azərbaycanda Respublika Günümüzü qeyd etdiyim üçün çox xoşbəxtəm. Can Azərbaycandakı bütün qardaşlarımıza Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdım. İki ölkə arasındakı qardaşlıq bağlarının nə qədər güclü, nə qədər möhkəm olduğunu göstərmək üçün buradayam. 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə, mən artıq indidən Azərbaycanın bu möhtəşəm bayramını təbrik edirəm. İki ölkə arasındakı yaxınlıq və qardaşlıq insanların düşündüyündən də çox dərin, çox dəyərli və əslində çox qədimdir. Bu səbəbdən belə fürsətlərdə bu birliyi xatırlamaq, yad etmək çox önəmlidir. Hesab edirəm ki, hər iki ölkənin gənclərinin, tələbələrinin təhsil sahəsində, gənclik fəaliyyətlərində erkən yaşlardan dostluq və əməkdaşlıq əlaqələri qurması çox vacibdir. Bu istiqamətdə addımlar atmaq, layihələr həyata keçirmək və mövcud təşəbbüslərə dəstək göstərmək üçün səylərimi davam etdirəcəyəm.”








