Bu gün “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin konfrans zalında Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Ağsaqqallar Şurasının, YAP Suraxanı rayon təşkilatının və maşınqayırma zavodunun rəhbərliyinin təşəbbüsü ilə tədbir keçirilib. Suraxanı Rayon Ağsaqqallar Şurası sədrinin 1-ci müavini Məşkur Mirzəyevin 70 illik yubileyinə həsr edilmiş bu tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Rəşad Hacıyev və Fuad Cəbrayılov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, sədr müavini, şəhid atası Əli Qasımov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Suraxanı Maşınqayırma Zavodu” ASC İdarə Heyətinin sədri Vahid Mahmudov və zavodun kollektivi, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Məşkur Mirzəyevi 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar. Qeyd ediblər ki, Suraxanı Rayon Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, vətənpərvər ziyalı, dəyərli ağsaqqal Məşkur Mirzəyev səmərəli fəaliyyəti, ədalətli mövqeyi, prinsipiallığı və xeyirxah əməlləri ilə onu tanıyan hər kəsin hörmətini qazanan, etimadını doğruldan alicənab bir şəxsiyyətdir. Hər zaman yaxşılığın keşiyində dayanan nəcib, yüksək mənəviyyata malik bir ziyalı kimi onun şərəfli həyat yolu və fədakar ictimai fəaliyyəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliğinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuşdur. Nümunəvi bir vətəndaş olaraq cəmiyyətimizdə nüfuzu, ziyalı mövqeyi və mənəvi dəyərlərə sadiqliyi gənclərimiz üçün bir örnəkdir. Çıxışçılar əmin olduqlarını bildiriblər ki, Məşkur Mirzəyev bundan sonra da səmərəli fəaliyyəti ilə cəmiyyətimizin inkişafına dəyərli töhfələr verəcəkdir.
Sonra tədbirdə iştirak edən idarə və təşkilat rəhbərləri tərəfindən yubilyara Fəxri fərmanlar, mükafat və hədiyyələr təqdim olunub.
Sonda Suraxanı Rayon Ağsaqqallar Şurası sədrinin 1-ci müavini Məşkur Mirzəyev göstərilən yüksək diqqətə görə hər kəsə öz minnətdarlığını bildirib.






