Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor, müdrik ağsaqqal, alicənab ziyalı Kamran İmanovun 79 yaşı tamam olur.
Kamran İmanovun çoxşaxəli, mənalı və məhsuldar fəaliyyəti Azərbaycan elminin, mədəniyyətinin və intellektual mühitinin formalaşmasında mühüm rol oynayır. O, uzun illər ərzində yalnız görkəmli alim və elm təşkilatçısı kimi deyil, həm də vətənpərvər ziyalı, milli-mənəvi dəyərlərimizin yorulmaz müdafiəçisi, dövlətçiliyimizin ideya-siyasi əsaslarını elmi müstəvidə dərin təhlil edən mütəfəkkir şəxsiyyət kimi tanınmışdır.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə rəhbərlik etdiyi illərdə bu sahədə müasir idarəetmə mexanizmlərinin formalaşması, milli intellektual sərvətlərimizin qorunması, müəllif hüquqlarının beynəlxalq standartlara uyğun təşkili istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Onun rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar və təşəbbüslər nəticəsində Azərbaycan beynəlxalq aləmdə əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşan, intellektual kapitala dəyər verən dövlət kimi qəbul edilir.
Professor Kamran İmanovun elmi yaradıcılığında milli ideologiyanın, mədəni irsimizin, tarixi yaddaşımızın qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri daim xüsusi yer tutur. Onun dərin zəkaya, prinsipial mövqeyə və vətənpərvərlik ruhuna söykənən fəaliyyəti gənc alimlər və ziyalılar üçün nümunədir. Eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi Kamran İmanovun müdrik fikirləri, dərin təcrübəsi və zəngin həyat yolu Şuranın fəaliyyətinə xüsusi dəyər qatır.
Ölkəmizin davamlı inkişafı naminə bilik və bacarığını əsirgəməyən, Azərbaycan elminə dəyərli töhfələr verən, həyatının kamillik zirvəsində olan görkəmli alim və müdrik ağsaqqal Kamran İmanovu bu əlamətdar gündə Vətənimizin tərəqqisinə həsr olunmuş şərəfli ömrünün 79-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, daim yüksək əhval-ruhiyyə və əmin-amanlıq arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV