Əziz həmvətənlər!
Bu il – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin 30 ili tamam olur. 1995-ci il noyabrın 12-si Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Bu tarixi sənəd müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etməklə, müasir Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatında dərin dönüş yaratdı, xalqımızın öz taleyinin həqiqi sahibi kimi çıxış etdiyi yeni bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qəbul edilmiş Konstitusiyamız bu gün də müstəqil dövlətimizin inkişafının ideya-siyasi dayağı, xalqımızın milli birliyinin, azad iradəsinin və hüquqi dövlətçilik düşüncəsinin parlaq təcəssümüdür. Bu möhkəm təməl üzərində formalaşan Azərbaycan dövləti ötən 30 ildə çox böyük yol qət edib – ölkəmiz bölgənin liderinə çevrilib, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan müasir, qüdrətli bir dövlətə çevrilib.
Bu gün müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının mahiyyətini təşkil edən prinsiplər – qanunçuluq, ədalət, bərabərlik, insan amilinə hörmət və dövlətçilik məsuliyyəti həyatın bütün sahələrində uğurla həyata keçirilir. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə antiterror tədbirləri ilə ölkəmizin tam suverenliyinin bərpası da məhz Konstitusiya dəyərlərinin, xalq-dövlət birliyinin və Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin təntənəsidir.
Azərbaycan Ağsaqqallar Şurası bu dəyərlərin qorunmasına, gənc nəslə milli və vətəndaşlıq məsuliyyəti hissinin aşılanmasına, xalqımız arasında birlik, həmrəylik və dövlətçilik ideyalarının təbliğinə daim xüsusi önəm verir. Şura üzvləri hər zaman dövlətimizin möhkəmlənməsi, milli dəyərlərimizin yaşadılması və Konstitusiyamızda əks olunan prinsiplərin cəmiyyətimizdə geniş yayılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Konstitusiya yalnız dövlətin hüquqi əsası deyil, həm də milli qürurumuzun, azadlıq iradəmizin, vətəndaş məsuliyyətimizin simvoludur. Onun tələblərinə əməl etmək, azad və ədalətli cəmiyyətin inkişafına töhfə vermək hər birimizin müqəddəs borcudur. Əminik ki, xalqımız bundan sonra da Konstitusiyamızda təsbit olunmuş ali məqsədlərə – müstəqil, güclü, yüksək rifaha malik və ədalətli Azərbaycan naminə birgə səylə çalışacaq, dövlətçiliyimizin inkişafına öz əməli töhfəsini verəcəkdir. Bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, firavanlıq və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq!
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV