Xəbərlər

Görkəmli şəxsiyyət İsa bəy Hacınski haqqında kitabın təqdimatı keçirilib

Bakının neft milyonçularından olan böyük xeyriyyəçi İsa bəy Hacinskinin ictimai-siyasi fəaliyyətindən bəhs edən monoqrafiyanın təqdimat mərasimi keçirilib. Hacinskinin nəticəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin müəllifi olduğu “İsa bəy Hacınski. İctimai-siyasi fəaliyyəti və onun Azərbaycan xalqına verdiyi töhfələr” adlı monoqrafiyada görkəmli şəxsiyyətin Bakı şəhər Dumasının millət vəkili, ölkənin ilk azərbaycanlı hakimi, böyük xeyriyyəçi, I gildiyalı tacir və neft milyonçusu kimi çoxşaxəli fəaliyyəti elmi əsaslarla araşdırılıb.
“Bakı Marriott Hotel Boulevard”da baş tutan təqdimat mərasimində müəlliflə yanaşı, İsa bəy Hacinskinin böyük bacısı Bilqeyis xanım Quliyevanın nəticəsi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, eləcə də Şura sədrinin müavinləri – millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, təşkilatın İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə və professor Vaqif  Şadlinski,  millət vəkili Hicran Hüseynova, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, tarixçilər, tədqiqatçı alimlər, İsa bəy Hacınskinin nəsil şəcərəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən monoqrafiyanın redaktoru, AMEA Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin rəhbəri, dosent Cəbi Bəhramov, tədqiqat işinin rəyçiləri – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, əməkdar müəllim Firovsiyyə Əhmədova, Az.MİU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri, dosent Salatın Əhmədova və fililogiya elmləri doktoru, professor Leyla Vəzirova, eləcə də akademik Ziyad Səmədzadə və digər natiqlər vurğulayıblar ki, Nuridə İsmayılzadə belə bir dəyərli əsəri yazarkən arxiv sənədlərinə müraciət edərək İsa bəy Hacınskinin real həyat portretini yüksək səviyyədə yarada bilmişdir. Müəllif monoqrafiyada görkəmli şəxsiyyətin nəsil şəcərəsindən başlayaraq onun sahibkarlıq, dövlət idarəetmə srukturlarında və Bakı şəhərinin ictimai həyatında oynadığı rolu, onun xeyriyyəçilik və maarifçilik fəaliyyətini bütün genişliyi ilə vermişdir. Natiqlər, həmçinin, kitabda Azərbaycan sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra İsa bəy Hacınskinin ailə üzvlərinin faciəli həyat tarixçəsinin də öz əksini tapdığını diqqətə çatdırıblar. Ümumiyyətlə, bu monoqrafiyanı Azərbaycanın XIX əsrin sonları XX əsrin əvvəli tarixi tədqiqat işinə mühüm töhfə kimi dəyərləndiriblər.
Tədbirdə İsa bəy Hacinskinin böyük bacısı Bilqeyis xanım Quliyevanın nəticəsi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev də çıxış edərək ulu babası sayılan İsə bəy Hacınski ilə bağlı böyüklərindən eştdiyi xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Onun Bakının ictimai-siyasi həyatında bir dövlət xadimi, maarifçi və mesenat kimi mühüm rol oynadığını bildirib. Görkəmli şəxsiyyətin Azərbaycanın maarifçilik və xeyriyyəçilik hərəkatındakı yeri, şəhərsalma proseslərinə verdiyi töhfələr və milli iqtisadiyyatın formalaşmasındakı xidmətlərindən söz açıb. Hacinskinin nəticəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin Bakı milyonçusu, ulu babası İsə bəy Hacınskinin həyat və fəaliyyətindən bəhs edən “İsa bəy Hacınski. İctimai-siyasi fəaliyyəti və onun Azərbaycan xalqına verdiyi töhfələr” adlı monoqrafiyasını yüksək dəyərləndirib. Belə qiymətli bir əsəri araya-ərsiyə gətirdiyi üçün ona təşəkkürünü bildirib. Vurğulayıb ki, kitabla tanış olan hər biri oxucu monoqrafiyadan Azərbaycanın mürəkkəb dövründə yaşamış, xalqımızın yolunda çox böyük zəhmət çəkmiş, onun maarifçiliyində, mədəniyyəti sahəsində böyük rol oynamış, dövlət strukturunda fəaliyyət göstərmiş, 23 il ərzində Bakı Şəhər Dumasının deputatı olmuş böyük bir şəxsiyyət, neft milyonçusu İsa bəy Hacınski haqqında qiymətli tarixi məlumatlar əldə edəcəkdir.
Mərasimdə çıxış edən Hacinskinin nəticəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə hər kəsə tədbirdə iştirak etdiklərinə və  müəllifi olduğu “İsa bəy Hacınski. İctimai-siyasi fəaliyyəti və onun Azərbaycan xalqına verdiyi töhfələr” adlı monoqrafiyaya verdikləri yüksək qiymətə görə öz təşəkkürünü bildirib. Xüsusilə kitabın hazırlanmasına göstərdiyi maddi və mənəvi dəstəyə görə İsa bəy Hacinskinin yaxın qohumu, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə dərin minnətdarlığını ifadə edib. Sonda İsa bəy Hacınskinin nəsil şəcərəsinin nümayəndələrini səhnəyə dəvət edərək onlarla xatirə şəkli çəkdirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.