Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov və İdarə Heyətinin üzvləri Türkiyənin Gəncədəki Baş konsulluğunda olublar. Baş konsul Recep Öztopla görüşən ağsaqqallar Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş ölkəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin əziz xatirəsini bir daha ehtiramla yad ediblər, şəhidlərin yaxınlarına və qardaş Türkiyə xalqına səbr diləyiblər.
Görüşdə çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün varisləri olaraq “bir millət iki dövlət” kimi bu gün də “kədəriniz – kədərimiz, sevinciniz-sevincimizdir”. Bizi tarixin ağır sınaqlarından çıxmış sarsılmaz qardaşlıq və dostluq telləri bağlayır. “Ortaq dilə, dinə, tarixə, mədəniyyətə malik olan Azərbaycan və Türkiyə münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir, dostluq və qardaşlıq əlaqələrimiz daha da möhkəmlənir, qarşılıqlı faydalı əməkdaşlığımız daim genişlənir. Əminik ki, Azərbaycan-Türkiyə dostluq münasibətləri Türk dünyasının iki nəhəng və qardaş lideri olan cənab İlham Əliyevin və cənab Rəsəb Tayyib Ərdoğanın rəhbərliyi ilə gələcəkdə də dinamik şəkildə inkişaf edəcək, xalqlarımız hər zaman sülh və rifah içində yaşayacaqdır,” – deyə Nurəddin Məmmədov vurğulayıb.
Səmimi şəraitdə keçən görüşdə, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının Baş Konsulluğun qarşılıqlı faydalı əməkdaşlığı və gələcək perspektivləri müzakirə edilib.
Baş konsul Recep Öztop Gəncə Şəhər Ağsaqqallar Şurasının həyata keçirdiyi məsuliyyətli, eyni zamanda, çox önəmli fəaliyyətdən məmnunluğunu bildirib, ölkəmizlə Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən ağsaqqalları və ziyalıları təmsil edən təşkilatlar arasında daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayıb.
Görüşdə Gəncə Şəhər Ağsaqqallar Şurasının qadın üzvləri də iştirak ediblər.
Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri Türkiyənin Gəncədəki Baş konsulluğunda olublar
- 25-11-2025
- [15:47]
- []
25
Noy

