Dekabr ayının 8-də Şəki Rayon Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Yığıncağı giriş sözü ilə açan Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov dahi şəxsiyyətin müstəqil Azərbaycanın quruculuğunda və inkişafında danılmaz xidmətlərindən söhbət açmış, hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndər Heydər Əliyevin sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxdığnı vurğulamışdır. Bildirmişdir ki, həyatı və fəaliyyəti ilə doğma xalqına və Vətəninə məhəbbət, sədaqət meyarı olan Heydər Əliyevin sarsılmaz polad iradəsi, qətiyyəti və fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Ümummilli Liderin ağsaqqallara da böyük qiymət verdiyini, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığını qeyd edən natiq vurğulamışdır ki, bu gün millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri zəngin və tarixi Heydər Əliyev irsini gənc nəslə aşılayır, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu inkişaf siyasətini cəmiyyətimiz arasında geniş təbliğ edirlər.
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədr müavinləri – AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, respublikanın əməkdar müəllimi Ruhangiz Abdullayeva və digər natiqlər Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs etmişlər. Bildirmişlər ki, Ümummilli Lider Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı cənab İlham Əliyev Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.



