Xəbərlər

Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi İmran Əbilov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub

Dekabrın 26-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən iclasda qurumun Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi, Qarabağ müharibəsi və Əmək veteranı, uzun illər Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi səmərəli fəaliyyəti ilə seçilən müdrik ağsaqqal, vətənpərvər ziyalı və bu günlərdə 90 yaşı tamam olan İmran Əbilov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub.

İclasda yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov və Bayram Yusifov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, eləcə də Şuranın Aparat rəhbəri Ramin Həsənli, məsləhətçi Zahid Abbasov, ağsaqqallar, veteranlar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq İmran Əbilovun zəngin fəaliyyətindən və nümunəvi həyat tərzindən ətraflı bəhs edib, onunla bağlı xoş xatirələrindən söz açıb. Yubilyara Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin təbriklərini çatdıraraq vurğulayıb ki, İmran Əbilovun şərəfli ömrünün hər mərhələsi zəhmətə, məsuliyyətə, vicdanlı əməyə və milli dəyərlərə bağlılıq nümunəsi olmuşdur. Uzun illər Azərbaycan Kənd Təsərrüfatı sistemində nazir müavini və Dövlət Aqrar-Sənaye Komitəsinin sədr müavini kimi çalışdığı dövrlərdə respublikamızda aqrar sahənin inkişafına verdiyi töhfələr bu gün də böyük hörmətlə xatırlanır. Natiq İmran Əbilovun Ulu Öndər Heydər Əliyevə və onun dövlətçilik məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan sədaqətindən də geniş söz açıb. Yubilyarın və onun qardaşı, nüfuzlu ictimai-siyasi xadim, mərhum Şirvan Əbilovun Ümummilli Liderimizin siyasətini hər zaman birmənalı olaraq dəstəklədiklərini vurğulayıb. Eldar İbrahimov, həmçinin, İmran Əbilovla uzun müddət Azərbaycan Ağsaqqallar Şurasında birgə çalışdıqlarını da qeyd edərək onun müdrik bir ağsaqqal kimi Şuradakı fəaliyyətini yüksək qiymətləndirib və yubilyarı bir daha fədakar ömrünün 90-cı ildönümü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da iclasda çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Vurğulayıb ki, uzun və mənalı ömür yolu, zəngin həyat təcrübəsi, yorulmaz fəaliyyəti ilə cəmiyyətimizdə böyük nüfuz və hörmət qazanan müdrik ağsaqqal, vətənpərvər ziyalı və alicənab insan İmran Əbilov hər zaman dövlətə və xalqa sədaqətlə xidmət edən dəyərli şəxsiyyətdir. O, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi çalışdığı dövrdə yüksək fəaliyyəti, müdrik mövqeyi, təmkinli davranışı, dəyərli məsləhətləri və nümunəvi həyat tərzi ilə ağsaqqallıq institutunun cəmiyyətimizdə nüfuzunun möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Hər zaman gənclərə doğru yol göstərmiş, onları zəhmətə, elmə, vətənpərvərliyə və dövlətçilik ruhuna səsləyən əsl ağsaqqal mövqeyi nümayiş etdirmişdir. Bayram Yusifov da, öz növbəsində, İmran Əbilovu 90 illik yubileyi münasibətilə təbrik edərək, ona Allahdan uzun ömür, möhkəm cansağlığı və Azərbaycanın tərəqqisi naminə dəyərli fəaliyyətində davamlı nailiyyətlər diləyib.

Sonra ölkəmizin ictimai-siyasi və mədəni həyatında, aqrar sahənin inkişafında, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində dəyərli xidmətlərinə görə və 90 illik yubileyi münasibətilə təltif olunan Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi, Qarabağ müharibəsi və Əmək veteranı İmran Əbilova “Fəxri Ağsaqqal” döş nişanı və hədiyyələr təqdim edilib.

İclasda çıxış edən digər natiqlər – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, professor Sudeyf İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri, Həmkarlar İttifaqının sədri Elnur Atayev də İmran Əbilovu 90 illik yubileyi münasibətilə təbrik edərək ona ən səmimi arzularını çatdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.