Xəbərlər

Şəki Rayon Ağsaqqallar Şurası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirib

Dekabrın 29-da Şəki Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəki Rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı Vaqif Əhmədov, rayon ağsaqqalları, ziyalıları, veteranlar, şəhid ailələrinin üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, eləcə də digər idarə və təşkilatların məsul şəxsləri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səmimi şəraitdə keçən toplantıda Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımıza cansağlığı, rifah, dövlətimizə sülh və tərəqqi arzulayıb, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə davamlı uğurlar qazandığını xüsusi vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini dönməz edən Azərbaycan bu gün tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə regionda və dünya siyasətində yeni reallıqlar yaradıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri xalqımızın birliyinin və həmrəyliyinin bariz nümunəsi olub.

Tədbirdə çıxış edən digər natiqlər də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin bu günün formalaşmasında müstəsna rolundan, eləcə də milli birlik və vətənpərvərlik dəyərlərinin qorunmasının vacibliyindən bəhs ediblər. Həmçinin mütəmadi olaraq əlamətdar və tarixi günlərlə bağlı belə əhəmiyyətli tədbirlər təşkil etdiyi üçün Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədova minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.