Lənkəran Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist Səyavuş Süleymanlının 80 illik yubileyi qeyd edilib.
Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Seyran Alışov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov və müavini Güloğlan Bağırov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran rayon şöbəsinin sədri Qafar Cəfərli, eləcə də ağsaqqallar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbiri Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov açaraq qonaqları salamlayıb və yubilyarı təşkilatın bütün üzvləri adından təbrik edərək, ona bundan sonra da sağlam və uzun ömür arzulayıb. Sonra natiq Lənkəran Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Səyavuş Süleymanlının şərəfli ömür yolu və zəngin fəaliyyəti haqqında geniş çıxış edib.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev də tədbirdə çıxış edərək yubilyarı Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından təbrik edərək, ona möhkəm cansağlığı, gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb. Bildirib ki, Səyavuş Süleymanlı öz bacarığı və işgüzarlığı ilə cəmiyyətdə layiqli yer tutmaqla bərabər, insanlar arasında böyük hörmət qazanmış, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etmişdir. Təqaüddə olmağına baxmayaraq, o bu gün də Lənkəran Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasi kursunu gənclərimiz arasında geniş təbliğ edir. Gözəl ailə başçısı olan Səyavuş müəllimin yetişdirdiyi övladları hazırda Azərbaycanın quruculuq işlərində aktiv iştirak edirlər. Daha sonra İbrahim Quliyev Rayon Ağsaqqallar Şurasının işində, ədəbi yaradıcılıq və publisistika sahəsində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə ilə təltif olunan Səyavuş Süleymanlıya Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanını təqdim edib.
Tədbirdə çıxış edən digər natiqlər – Lənkəran ŞİH-nin şöbə müdirinin müavini Seyran Alışov, filologiya elmlər doktoru, tənqidçi Vaqif Yusifli, AYB-nin Lənkəran şöbəsinin sədri Qafar Cəfərli, Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının rayon şöbəsinin sədri Əlimərdan Əliyev, AYB-nin üzvü, yazıçı Hafiz Mirzə və başqaları Səyəvuş Süleymanlının həyatı, fəaliyyəti və bədii yaradıcılığından geniş bəhs edərək ona səmimi təbriklərini çatdırıblar və Fəxri fərmanlar, hədiyyələr təqdim ediblər.
Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə bütün ələqadar təşkilatlara dərin minnətdarlığını bildirib və əmin edib ki, bundan sonra da bütün bilik və təcrübəsini Ulu Öndər Heydər Əliyevin yüksək ideyalarının, dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin təbliğinə və gənc nəslin mənəvi tərbiyəsinə həsr edəcəkdir.






