Yanvar ayının 28-də Sabirabad Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş nitqi ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq rayonda böyük nüfuz və hörmətə malik olan ağsaqqalların xidmətlərindən söz açıb. Ağsaqqalların Sabirabad rayonunun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından bəhs edib. Konfransın işinə uğurlar arzulayıb.
Sonra Sabirabad Rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev təşkilatın hesabat dövrü ərzində həyata keçirdiyi fəaliyyət haqqında çıxış edib. Bildirib ki, ötən dövr ərzində yerli təşkilatın üzvləri rayonda keçirilən bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, habelə gənclərlə aktual mövzularda maarifləndirici işlər apararaq, onların dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda yetişmələri üçün əllərindən gələni əsirgəməyiblər. Natiq məruzəsinin sonunda üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də təşkilatın fəaliyyətindən bəhs ediblər. Həmçinin cəmiyyətimizdə mövcud olan çatışmazlıqlara qarşı daha ciddi işlərin görülməsinin vacibliyini vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, Sabirabad rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətlərini davam etdirəcəklər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, hər zaman dövlətə sədaqətləri və aktiv fəaliyyətləri ilə seçilən Sabirabad ağsaqqalları ilə növbəti dəfə görüşdüyü üçün çox məmnundur. Sonra natiq Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı unudulmaz tarixi Zəfərdən, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, orada həyata keçirilən böyük tikinti-quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışından ətraflı bəhs edib. Vurğulayıb ki, bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır, gündən-günə qüdrətlənir və beynəlxalq nüfuzu artır. Əhliman Əmiraslanov ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə yaradılan Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunmasını möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi yüksək qiymətləndirib. Sonra o, cəmiyyətimizdəki bəzi problemlərdən də danışıb. Boşanma hallarının artmasından, erkən nikahlardan, narkomaniyaya aludəçiliyin genişlənməsindən söz açan natiq vurğulayıb ki, cəmiyyətimizdə mövcud olan bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışının sonunda Sabirabad Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş dəyərləndirərək, təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirib və ağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.










