Yanvar ayının 30-da Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdəti güclü dövlətin və sağlam cəmiyyətin təminatıdır” mövzusunda regional konfrans keçirib.
Regional konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Şəmkir, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy, Samux, Ağstafa, Göygöl, habelə Kəlbəcər və Cəbrayıl rayonları üzrə Ağsaqqallar Şuralarının sədr və müavinləri – Bilal Məmmədov, Cavanşir Qocayev, Məzahir Bayramov, Ramiz Mansurov, Kərəm Məmmədov, Fidayıl Əliyev, Cəmaləddin Rzayev, Aqil Məmmədov, eləcə də adıçəkilən rayonların gənclər təşkilatlarının məsul şəxsləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, ADAU-nun, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, o cümlədən kolleclərin müəllim və tələbələri iştirak ediblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov tədbir iştirakçılarını Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb. 2016-cı ildə “Avropanın gənclər paytaxtı” seçilən Gəncə şəhərində gənclərlə bağlı görülən işlərdən söz açıb. Gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda formalaşdırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayan natiq ağsaqqalların zəngin həyat təcrübəsinin gənclərin düzgün istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd edib.
ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov çıxışında universitetdə gənclərin intellektual, mənəvi və vətənpərvər ruhda yetişdirilməsinin prioritet istiqamət olduğunu bildirib. Gənclik enerjisi ilə elmi-pedaqoji təcrübənin vəhdətinin cəmiyyətin davamlı inkişafına töhfə verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov da çıxış edərək gənclərin fiziki və psixoloji sağlamlığının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov öz çıxışında konfrans iştirakçılarını, eləcə də bölgə rayonlarından tədbirdə iştirak edən ağsaqqalları salamlayıb. Ağsaqqallıq institutunun milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsində əvəzsiz rol oynadığını vurğulayıb. “Gənclər bizim gələcəyimizdir”, onların milli-mənəvi ruhda tərbiyələndirilməsi üçün aparılan işlərin planlaşdırılması məqsədilə bu cür tədbirlərin keçirilməsinin nəsillərarası dialoqu gücləndirdiyini bildirib.
Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov ölkəmizdə həyata keçirilən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi uğurlu gənclər siyasətindən ətraflı bəhs edib. Dövlətimiz tərəfindən müasir gənclər üçün hər bir şəraitin yaradıldığını qeyd edərək vurğulayıb ki, Azərbaycanda gənc nəslin sağlam, xoşbəxt yaşaması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Bütün gəncləri qarşıdan gələn Gənclər Günü münasibətilə təbrik edərək hər birinə möhkəm cansağlığı, təhsillərində, fəaliyyətlərində və şəxsi həyatlarında davamlı uğurlar arzulayıb. Bildirib ki, hazırda gənc nəsil dövlətimizin gənclər siyasətini formalaşdıran Ulu Öndər Heydər Əliyevin mirasını yaşatmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Qəhrəman gənclərimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində yüksək döyüş əzmi, cəsarət və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın Zəfər salnaməsini yazdılar. Natiq Vətən uğrunda canlarını fəda edən gənclərimizi bir daha ehtiramla xatırlayaraq, konfransda iştirak edən şəhid analarına belə qəhrəman övladlar böyütdüklərinə görə öz dərin minnətdarlığını ifadə edib, onların qarşısında baş əydiyimizi vurğulayıb. Öz çıxışında Bayram Yusifov bu gün cəmiyyətimizdə mövcud olan problemlərdən, xüsusilə də gənclərimizi əhatə edən mənfi hallardan da söz açıb. Qeyd edib ki, sabahımızı etibar edəcəyimiz və gələcəyimiz olan bugünkü gənc nəsil bizim üçün çox qiymətlidir. Ona görə də gənclərimizin sağlam, xoşbəxt və uğurlu gələcəyi üçün hər bir vətəndaşımız, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri gənc nəslin maarifləndirilməsində, vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərə bağlı sağlam şəkildə yetişdirilməsində yaxından iştirak etməli, onların cəmiyyət üçün layiqli vətəndaşlar olaraq formalaşmasında bilik və bacarıqlarını əsirgəməməlidir. Çıxışının sonunda natiq əmin olduğunu bildirib ki, yüksək potensiala sahib güclü və istedadlı gənclərimiz hər zaman elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandıqları nailiyyətlərlə Azərbaycanı yeni zirvələrə yüksəldəcəklər.
Konfransda, həmçinin, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə şəhər Birləşmiş Xəstəxanasının nümayəndəsi Hadı Hüseynov, şəhid Araz Məmmədovun anası Nigar Məmmədova, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini Zabit Xəlilov və gənclər təşkilatlarının nümayəndələri çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.
Tədbirin sonunda konfransın Bəyannaməsi qəbul edilib.













